Azərbaycanda ev sahibini evsiz qoyan bank kreditləri
12:37 07-11-2012
İQTİSADİYYAT
Azərbaycanda ev sahibini evsiz qoyan bank kreditləri
Ekspert: "Mərkəzi Bank ölkə üzrə problemli kreditlərin 6,6 faiz olduğunu desə də, araşdırmalar ikiqat artığını göstərir"
Ali Məhkəmə Kollegiyasının fevralda açıqladığı hesabatda məhkəmələrdə kredit mübahisələri ilə bağlı baxılan işlərin sayının artdığı göstərilib. Mülki işlər üzrə kollegiyanın sədri Şəlalə Məmmədova da deyir ki, ötən il əmək, ailə, borc və kredit mübahisələri ilə bağlı işlər artıb.
İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, ölkə üzrə problemli kreditlərin çoxalması kredit mübahisələri ilə bağlı məhkəmə çəkişmələrinin sayını artırır: "Son bir ildə ölkə üzrə kredit qoyuluşu 17 faiz, problemli kreditlərin artım səviyyəsi isə təxminən 23,4 faizdir. Tendensiya artma istiqamətində getsə də, qarşısının alınması üçün addım atılmır. Mərkəzi Bankın məlumatına görə, bu gün ölkə üzrə problemli kreditlər 6,6 (bir il öncə 6,2) faiz təşkil edir. Yəni, əhaliyə verilən hər yüz manatdan altısı qayıtmır. İlkin araşdırmalarımız isə göstərir ki, problemli kreditlərin payı Mərkəzi Bankın göstərdiyi 6,6 faizdən ən azı iki dəfə yüksəkdir" (var.az).
Kredit borcu vaxtında
ödənmirsə...
Borclu öhdəliyin təminatı olaraq əmlakını girov qoyubsa, tələb əmlaka yönəlir. Həmin əmlakların müvafiq olaraq hara aparılması, kimlərə verilməsi və ya satılması barədə məlumatlar demək olar ki, ictimaiyyətin diqqətindən kənarda qalır.
Qanun isə deyir ki...
Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il, 69 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamədə göstərilir ki, əmlakın satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar vasitəsilə həyata keçirilməlidir. Mülki Məcəllədə isə deyilir ki, girov qoyulan əmlak hərraca çıxarılmalı və dəyərləndirilməlidir.
"Otuz min alıb, altmış
min qaytarmalısan"
Banklardan girov müqabilində pul götürmüş, sonradan isə pulu qaytara bilmədiyi üçün problemlə üzləşmiş insanların çoxluğu məhkəmə çəkişmələrindən bəlli olur. Məsələn, Arzu Əliyeva bacısı qızının İranda müalicəsi üçün bankdan otuz min manat pul götürüb, zəmanət olaraq evini girov qoyub: "Otuz min manat aldıq, on min "şapka" verdik. Hər ay üstünə faiz gəldi. Elə bil, otuz min alıb, altmış min qaytarmalısan. Faizin ödənilməsində gecikmələrim oldu. Bank evi müsadirə etmək istədi, razı olmadıq. Bir ay sonra məhkəmə qərar çıxardı. 30 min manatlıq borca görə 80 min manat qiyməti olan 4 otaqlı ev 50 min manata satıldı. Yerdə qalan pul da faizlərə, məhkəmə xərclərinə tutuldu. O puldan bir qəpik də geri qayıtmadı. Banka evi verin özümüz sataq, sizin pulunuzu qaytaraq desək də, razılığa gələ bilmədik".
"O qədər rəqəm, faiz
deyirlər ki, adam çaşır"
"Keçən ilin noyabrında bankdan 35 min dollar kredit götürdüm. Bunun üçün 90 min dollar dəyəri olan evimi girov qoydum. İlk dörd ayı rahat ödədim. Sonradan pulu götürüb qurduğum biznesim dağıldı. Şansım gətirmədi. Bank xəbərdarlıq etdi ki, borcun üstünə hər gün faiz gəlir. Rəqəmləri açdılar, tökdülər ortaya. O qədər rəqəm, faiz dedilər ki, çaşıb qaldım. Aya 2600-2800 dollar düşürdü, verə bilmədim", - deyir 38 yaşlı Bakı sakini Zemfira Rüstəmova.
Z. Rüstəmova aylıq bölünən məbləği də bir müddət sonra ödəyə bilmədiyindən bank məhkəməyə müraciət edib: "Düşündüm ki, məhkəmə faizi dayandırar. Belə olmadı. İş məhkəmədə ola-ola faizlər arta-arta getdi. Borc üst-üstə yığıldı. Evi gəlib qiymətləndiriblər. Tərs kimi həmin vaxt rayonda olmuşam. Əla təmirli, 3 otaqlı, metroya yaxın evə 42000 manat qiymət qoyublar. Hesablamaları səhvdir. Həm evə, həm də qiymətləndirməyə görə apellyasiya şikayəti vermişəm. İşin içindən çıxa bilmirəm".
S. Əliyev isə deyir ki, qanunla məhkəmə prosesi müddətində bank faizləri dondurulur: "Qanunvericiliyə görə borc ödənmirsə, girovun satışa çıxarılması üçün bank məhkəməyə müraciət edir. Belə olanda kredit üzrə faizlərin hesablanması prosesi dayandırılır. Məhkəmə müddətində bankın verdiyi kredit müqabilində faiz hesablanmır. Bank itirir, gəlir götürə bilmir. Çox vaxt proses gedişində sui-istifadə hallarına da yol verilir. Əlavə faizlər ortaya çıxır. Bəzən isə krediti vaxtlı-vaxtında ödəyən birini 2-3 aylıq borclu çıxarırlar. Beləcə bank ona dəyən zərəri başqa bir adamın üstünə atmağa maraq göstərir".
Bankda proseslər
necə cərəyan edir?
Qanunla əmlak auksiona çıxarılmalı, satışı həyata keçirilməlidir. Bank öz pulunu götürüb yerdə qalanı müştəriyə qaytarmalıdır. Prosesi necə həyata keçirmələri ilə bağlı keçirdiyimiz telefon sorğusunda bankların heç biri iştirak etmək istəmədi. Səbəb kimi isə bunun biznes sirri olduğunu dedilər.
Dövlətə məxsus banklardan birində çalışan müsahibimiz isə prosesin bankdaxili mənzərəsi haqqında məlumat verdi.
Adının açıqlanmasını istəməyən mütəxəssis əmlakın dəyərinin müəyyən olunması prosedurunu belə izah etdi: "Kredit borcu ilə bağlı məhkəmə iddianı təmin edərsə, yəni ödəniş girova yönəldilərsə, o zaman məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda məhkəmə icraçıları əmlakı qiymətləndirir. Mövcud olan 2 hərracdan birinə müraciət olunur. Qiymətin müəyyən olunması xüsusi maraqlar çərçivəsində olur. İlk hərrac vaxtı təyin olunur. Əmlak satılmasa, ikinci hərracda qiymət 15 faiz aşağı salınır. Bu dəfə də satılmasa, 3-cü hərracda qiymət 25 faiz aşağı salınır və ilkin olaraq iddiaçıya (yəni banka) təklif olunur. Bu halda banklar əmlakı almaq məcburiyyətində qalır. Çünki əmlak hərracda satılmasa, o zaman əmlakın üzərindən ipoteka yüklülüyü ləğv olunmalıdır. Çox vaxt əmlak 4-cü və ya 5-ci hərracda satılır. Bu isə əmlakın qiymətinin aşağı salınması deməkdir. Adətən, hərrac elan edilir, lakin iştirak edən olmur. Belə olanda hərrac işçiləri, ya da biz öz xəttimizlə əmlakı satmağa çalışırıq. Təbii ki, bu halda özəl maraqlar da olmamış deyil. Onsuz da sonradan hər şey leqallaşdırılır. Məsələn, mən ucuz maşın, ev satıldığını bilib, belə əmlaka ehtiyacı olan tanışlarıma deyirəm. Əgər girov qoyulmuş əmlak borc məbləğindən artıq məbləğə satılarsa, o zaman yerdə qalan vəsait cavabdehə verilməlidir. Lakin belə olmur. Çünki biz iddia qaldırarkən məhkəmədə bankı təmsil etmək üçün hüquq şirkətləri ilə müqavilə bağlayırıq. Bu halda da hüquq firmasına ödənilməli vəsait cavabdehdən tutulur. Böyük məbləğdə cərimə hesablanır, hətta iddia üçün ödənilən rüsum belə cavabdehdən alınır. Beləliklə, borc gəlib çıxır kəllə-çarxa. Bundan əlavə, bizim də müraciət etdiyimiz hüquq şirkətləri var ki, məsələn, müqavilədə 5 yazırıq, amma bir ödəyirik. Ümumiyyətlə, cəmi proses qətnamə qüvvəyə mindikdən sonra təxminən 3 ay çəkir. Hərrac əmtəə birjasının (İqtisadi İnkişaf Nazirliyi lisenziya verir) nəzdində açıla bilər və bu da kifayət qədər çətin prosesdir".
Vəkil Elçin Namazov deyir ki, əmlakın satılmasından əldə olunmuş vəsaitin qalığı vətəndaşa qaytarılmırsa, hərrac komissiyası məhkəməyə verilməlidir: "Bu, özgəsinin əmlakını heç bir qanuni əsas olmadan mənimsəmə deməkdir. Əgər xərclər şişirdilibsə, deməli, saxtakarlıq edilib. Bu, sübut olunarsa, bir neçə cinayətin tərkibi yaranır. Praktikada saxtakarlıq etmiş şəxslərin cəzalandırılması halları var". Vəkil çıxış yolunu müqavilənin ləğvində görür: "İlk növbədə, müqavilə mübahisələndirməlidir. Bizdə çox vaxt bank iddia qaldırır ki, əmlak hərraca çıxarılsın, vətəndaş isə məhkəmədə aldadıldığını sübut etməyə çalışır. Halbuki, bu, səhv yoldur. Qanunvericiliyə görə, məhkəmə tələbdən kənara çıxa bilməz. Burada isə tələb aldadılma deyil, hərraca çıxarmadır. Sonda məhkəmə haqlı olaraq bankın iddiasını təmin edir".
Əmlak hansı qurum tərəfindən hərraca çıxarılmalıdır?
Ədliyyə Nazirliyinin əməkdaşı Eynur Babayev əmlakın hərraca çıxarılması, satışı ilə bağlı məsələlərin onlara aid olmadığını deyir: "Cinayət Prosessual Məcəlləsində əmlakın müsadirəsinin icrası məsələsi var. Bizə icra vərəqəsi və ya hökm üzrə göstəriş gəlir. Müraciət edirik qiymətləndirmə təşkilatına. Onlar əmlaka qiymət qoyur, bizə hesabat təqdim edirlər. Hesabatı və əmlakı icra vərəqəsi ilə birlikdə maliyyə orqanına təhvil verir, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə məlumat veririk. Əmlak Auksion Mərkəzində hərraca çıxarılır. Ondan sonrası bizlik deyil".
(ardı sabahkı sayımızda)
Gülər Mehdizadə
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00