Türkiyə və Rusiya heyətləri Suriyanın İdlib Gərginliyi Azaltma Bölgəsindəki vəziyyəti müzakirə etmək üçün paytaxt Moskvada fevralın 18-də olan görüşləri 2 saat davam edib.
Unikal.org "TRT Azərbaycan"a istinadən xəbər verir ki, Türkiyə heyətinə Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal, Rusiya heyətinə isə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin və Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev başçılıq edib.
Xatırladaq ki, fevralın 17-də də İdlib məsələsi müzakirə olunub. Türkiyənin nümayəndə heyəti sahədəki gərginliyi tez bir zamanda azaltmağın və humanitar vəziyyətin daha da pisləşməsinin qarşısını almağın vacibliyini vurğulayıb. Görüşdə İdlibdə Soçi razılaşmasını tam şəkildə yerinə yetirmək və pozuntuların qarşısını almaq üçün görüləcək tədbirlər də müzakirə olunub.