ABŞ-ın yeni-köhnə prezidenti - Barak Obama!
12:32 08-11-2012
İQTİSADİYYAT
ABŞ-ın yeni-köhnə prezidenti - Barak Obama!
Dünyanın ən qüdrətli ölkəsində seçki marafonu nəfəsləri kəsdi; böyük yarışın bütün təfərrüatları "Unikal"da!
ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Barak Hüseyn Obama dünyanın ən qüdrətli dövlətinin 45-ci prezidenti olub.
Obama 20 yanvar 2009-cu il tarixdən Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti idi. Həmin vaxtadək o, ABŞ Senatının İllinoys ştatından kiçik senatoru olub. Obama ABŞ tarixinin ilk qaradərili prezidenti kimi də tarixə düşüb.
Seçki günü
nələr yaşandı?
Xatırladaq ki, ABŞ-da seçki məntəqələri Bakı vaxtı ilə saat 03.00-dan bağlanmağa başlanıb. Seçkinin son saatlarına doğru verdikləri açıqlamada ABŞ prezidentliyinə hər iki namizəd - demokrat Barak Obama və respublikaçı Mitt Romni qələbələrinə əmin olduqları barədə açıqlamalar veriblər.
Mitt Romni vaxtilə qubernatoru olduğu Massaçusets ştatında səs verib. O, əminliyini ifadə edib ki, seçicilər dəyişikliklərə səs verəcəklər. Mitt Romni seçki məntəqəsindən "qərarsız ştatlar"dan olan Pensilvaniya və Ohayoda keçirilən mitinqlərə yollanıb.
Barak Obama isə seçki gününü doğma Çikaqoda keçirib. O, oktyabrın sonlarında səs verib və ABŞ-ın vaxtından əvvəl səs verən ilk prezidenti olub. Barak Obama televiziya müsahibəsində bəyan edib ki, "ehtiyatlı nikbin" əhval-ruhiyyədədir.
Amerika yenə Obama dedi
Dünən Bakı vaxtilə saat 7 radələrində isə artıq ABŞ-da prezident seçkilərinin qalibi məlumolub. Uzun müddət davam edən seçki kampaniyasının sonunda yenidən Barak Obama qalib gəlib.
Aydınlaşıb ki, Obamanın budəfəki qələbəsinə daha çox kritik vəziyyətdə olan ştatların səsi kömək olub.
Belə ki, prezident seçilmək üçün 538 seçicidən 270-nin səsi kifayət edirdi. Amma Barak Obama Ohoya ştatından gələn seçkilərin nəticələrinə görə, 274 səs yığa bilib. Bununla da qaradərili Barak Obama Amerikanın 45-ci dövlət başçısı olub. Sonradan onun səsləri 303-dək yüksəlib.
Barak Obamanın rəqibi Mit Romni isə seçicilərin 206 səsini toplaya bilib.
Obamanın yenidən prezident seçilməsini qeyd etmək üçün onu dəstəkləyənlər paytaxt Vaşinqtonda Ağ evin qarşısında və Nyu Yorkda "Times Square"də toplaşmağa başlayıblar.
B. Obama "Twitter" səhifəsində seçicilərinə təşəkkür edərək bunları yazıb: "Bu sizin sayənizdə oldu. Təşəkkür edirəm".
Obama:"Bunu siz etdiniz"
"Bu necə baş verdi? İstəyirəm biləsiniz ki, bu nə qismət, nə də təsadüfdür. Bunu siz etdiniz". Bu sözləri seçkilərdəki qələbəsi dəqiqləşəndən bir qədər sonra Barak Obamanın bəyanatında ifadə olunub.
O, "Twitter" səhifəsində də çıxışını yerləşdirib. Səhifədə yazı ilə bərabər həyat yoldaşı Mişel Obama ilə birgə qucaqlaşdıqları şəkili də yerləşdirib. Şəkilin altında isə belə yazıb: "Daha 4 il. Bu, bütün zamanların ən yaxşı tvitti oldu".
Qeyd edək ki, Obamanın seçkilərdəki rəqibi Mit Romni məğlub olduğunu etiraf etmək və prezident Barak Obamanı təbrik etmək üçün çıxış edib. Respublika partiyasından prezidentliyə namizədliyini irəli sürən Mit Romni Amerikanın öz liderini seçdiyini deyib: "Həyat yoldaşımla biz Obama və böyük ölkəmiz üçün dua edəcəyik".
Morninqstar Azəraycanla münasiətlərin gələcəyi
haqda nə dedi?
"ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq ABŞ-Azərbaycan arasında münasibətlər dəyişməz qalacaq". Bu açıqlamanı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ-da prezident seçkilərinin nəticələrini şərh edərkən deyib: "Düşünürəm ki, Barak Obamanın növbəti prezidentliyi dövründə ABŞ-ın xarici siyasətində hər hansı bir mühüm dəyişiklik olmayacaq. Azərbaycan ABŞ üçün mühüm bir ölkə olaraq qalacaq. Biz Azərbaycanla indiyə qədər olan əməkdaşlığımızı davam etdirəcəyik".
Ekspert: "Obamanın
qələbəsi Azərbaycan üçün əhəmiyyətli olacaq"
ABŞ-da keçirilən tarixi seçkilərdə Barak Obamanın respublikaçı Mitt Romniyə qalib gələrək növbəti dəfə prezident seçilməsi Azərbaycanda da birmənalı qarşılanmayıb. Bir çox ekspertlər Obamanın 4 illik fəaliyyətini ölkəmiz üçün uğursuz hesab etsə də, ABŞ-ın növbəti dörd ildə Azərbaycan üçün faydalı olacağını düşünənlər də az deyil. Bəs, reallıq necədir? Obama növbəti dörd ildə Azərbaycanla münasibətləri dəyişəcəkmi və yaxud da Qarabağ münaqişəsinin həllində ondan mühüm irəliləyiş gözləmək olarmı?
Tanınmış politoloq Qalib Hüseynli bu və ya digər sualları şərh edərkən demokratların qələbəsini təqdirəlayiq hal hesab edərək bildirib ki, Obamanın növbəti periodda prezident seçilməsini Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. "Barak Obamanın yenidən prezident seçilməsi həm dünya üçün, həm də Azərbaycan üçün əhəmiyyətli bir hadisədir. Şahidi olmuşuq ki, respublikaçıların hakimiyyətə gəlməsi dünyada münasibətləri xeyli gərginləşdirən hadisələrdən olub. Obama geridə qalan 4 illik fəaliyyəti zamanı göstərdi ki, o, həm Türk dünyasında qarşı münasibətdə, ümumiyyətlə inkişaf etməkdə olan, müstəqilliyini yeni qazanmış ölkələrə qarşı kifayət qədər loyal münasibətlər sərgiləyib. Bu baxımdan geridə qalan 4 il ərzində Azərbaycanla ABŞ arasında qeydə alınan münasibətlərini tam qənaətbəxş hesab etmək olar", - deyə politoloq şərh edib.
Q.Hüseynli daha sonra Obamanın qarşıdakı dörd illik strategiyasına toxunaraq bildirib ki, ABŞ prezidenti xarici siyasətində və eləcə də Cənubi Qafqaz bölgəsinə münasibətində dəyişiklik etməyəcək: "Güman etmirəm ki, Obamanın xarici siyasətində ciddi dəyişikliklər edilsin. Debatda da görünürdü ki, o, xarici siyasətinin ana xəttini qoruyub saxlamaq niyyətindədir. Cənubi Qafqaza münasibətdə isə Obama çox ehtiyyatlıdır. O, bölgəyə enerji mənbələri və eyni zamanda enerji tranziti kimi baxır. Bu baxımdan Cənubi Qafqaz regionu Obama üçün mühüm əhəmiyyət kəsb edir".
Politoloqun fikrincə, Obamanın bundan sonrakı dönəmində Dağlıq Qarabağ münaqişəsinin həlli daha əlverişli olacaq. "ABŞ-ın Qarabağ münaqişəsinin həllinə gəlincə, Obama bildiyimiz kimi dəfələrlə bu istiqamətdə təşəbbüs göstərib. Doğrudur, ABŞ Qarabağ məsələsində fəal olmasa da, amma hər halda onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, münaqişəni hər zaman beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin tərəfdarı olduqlarını nümayiş etdiriblər. Güman edirəm ki, Obama ilə yaxın dörd ildə işləmək Azərbaycan üçün çətin olmayacaq və Dağlıq Qarabağ probleminin həllində onunla işləmək daha əlverişli olacaq", -deyə politoloq vurğulayıb.
Öncə səs qutusu
sonra doğum evi
ABŞ-dakı prezident seçkisinə damğasını vuran hadisələrdən biri isə bir qadının doğum evinə getməzdən öncə, səsini verməsi olub. Türkiyənin "NTV" telekanalının məlumatına görə, Çikaqoda yaşayan 21 yaşlı Galisiya Maloni xəstəxana gedərkən əvvəlcə seçki məntəqəsinə gedib.
O, yerli radiolardan birinə müsahibəsində deyib:"Əvvəllər heç vaxt səs verməmişəm. Bu üzdən də bu həyatımda bir dəyişiklikdir".
Səsverməyə gedərkən, sadəcə olaraq, "seçki bülletenini oxumağa və nəfəs almağı" düşündüyünün söyləyən Maloni, dünyaya gələcək, qızının bu olaydan ilham almasını istədiyini də vurğulayıb.
Rusiya ABŞ-dakı seçkilərə şübhə salmağa çalışır?
ABŞ-dakı prezident seçkilərini ATƏT üzvü olan ölkələrdən olan 160-a yaxın nümayəndə müşahidə aparır. Lakin onların fəaliyyətinə maneəçilik törədilib. Bunu Rusiya telekanalları iddia ediblər.
Onların iddiasına görə, Texas ştatında ATƏT müşahidəçilərinin işləməsinə imkan verilməyib. Ştatın prokuroru Qreq Ebbott onlara mane olub. Prokuror bəyan edib ki, xaricdən gələn qonaqların nəyə nail olmaq istədiklərini başa düşmür.
O, bildirib ki, ATƏT üzvləri texaslılardan demokratiya öyrənməlidirlər. Prokuror müşahidəsilərin seçki məntəqələrinə 30 metrdən çox yaxınlaşmasına qadağa qoyub.
Bunun ardınca, Arizona, Missisipi və Ayova ştatlarında da müşahidəçilərə problemlər yaradılıb. Ayova ştatının dövlət katibi müşahidəçiləri həbslə hədələyib. "Müşahidəçilər hesab edirlər ki, Birləşmiş Ştatların seçki sistemi və qanunvericiliyi müasirlikdən uzaqdır, ziddiyyətli və arxaikdir, eləcə də, Amerikanın daxili və xarici siyasətində əsas yer tutan prinsiplərə ziddir" - rus mediası iddia edib.
Amma AŞ və Avropanın ən ünlü informasiya agentlikləri və xəbər portalları rus mətbuatının iddialarını təsdiqləyəcək he bir məluümat yaymayıblar. Hesab olunur ki, həmin iddialar özünü ABŞ-a rəqib kimi görən Rusiyanın supergücə qarşı xeyli dərəcədə gülməli təliğat cəhdidir.
ABŞ-da seçki günü
partlayış: Ölən və
yaralananlar var
Noyabrın 6-da - prezident seçkilərinin keirildiy gün ABŞ-ın Şimali Karolina ştatındakı Darem şəhərində xəstəxanada partlayış baş verib. "mignews.com" saytının verdiyi məlumata görə, bir nəfər ölüb, 3 nəfər yaralanıb.
Partlayış xəstəxananın altıncı mərtəbəsində olub. Yanğınsöndürmə sistemi işə düşdüyü üçün alovun yayılmasının qarşısı alınıb. Xilasedicilər xəstəxanadakı bütün xəstələri evakuasiya ediblər. Hazırda partlayışın səbəbi araşdırılır.
Barak Obama kimdir?
Və sonda sizi ABŞ-da ikinci dəfə prezidentlik yarışını qazanan Barak Hüseyn Oamanın həyat tarixçəsi ilə tanış edirik.
4 avqust 1961-ci ildə Havay adalarında anadan olan Barak Hüseyn Obamanın qaradərili atasının adı da Barak Hüseyn Obama (ata), ağdərili anasının adı isə Stenli Enn Danhem olmuşdur. Keniyadan olan atası ilə Kanzasdan olan anası Havay Universitetində tanış olmuşlar. Bəzi məlumatlara görə atası müsəlmandır. Barak Obamanın müəllimləri,yaxınları da bunu təsdiq edir ki, Barak müsəlmandır.
Barak Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirmiş və 1985-ci ildə Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlamışdır. 1991-ci ildə Obama Harvard Hüquq Məktəbini bitirir. O, həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır.
1992-ci ildə Barak Obama İllinoys VOTE (tərc. "səsvermə") layihəsinin direktoru olur. Növbəti il isə o, "Davis, Miner, Barnhill & Galland" firmasında vəkil olaraq səsvermə hüquqları və məşğulluq işləri üzrə ixtisaslaşır. Hazırda da o, bu firmanın məsləhətçisi olaraq qalmaqdadır. 1993-cü ildə Obama həmçinin Çikaqo Hüquq Universitetinin mühazirəçisi olur və indiyə kimi bu vəzifəni paralel olaraq icra etməkdədir. 1995-ci ildə onun "Atamdan xatirələr" adlı xatirə kitabı nəşr olunmuşdur.
1996-cı ildə Obamanın Senat karyerası start götürür. Həmin il Obama 13-cü dairədən İllinoys Ştat Senatına üzv seçilir. Bu dairədə əsasən yoxsul Cənubi Afrika zənciləri məskunlaşmışlar, lakin bir neçə zəngin məhəllə də vardır.
1997-2004-cü illərdə İllinoys Senatında xidmət etməzdən əvvəl mülki hüquqlar müvəkkili kimi təcrübədən keçir. 1992-2004-cü illərdə Çikaqo hüquq elmləri İnstitutunda konstitusiya hüququ fənnindən dərs demişdir.
Obama 2004-cü ildə özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53% səslə udaraq Demokratlar partiyasından ABŞ Senatına seçilir və 2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayır.
2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afro-amerikalı olmuşdur.
2008-ci ilin noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək ABŞ-ın 44-cü prezidenti seçilmişdir.
2009-cu il üçün Nobel Sülh Mükafatı ona verilib. Obama "beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə" bu mükafata layiq görülüb.
Mişel Obama ilə evlidir, iki qızları vardır.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00