“Sarı jiletlilər” hərəkatının yaradıcısı Erik Drue Fransa prezidenti Emmanuel Makronun da olduğu Parisdəki illik Beynəlxalq Kənd Təsərrüfatı Salonunun ərazisindən çıxarılıb.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Port de Versal Sərgi Mərkəzində baş verib.
Yelisey sarayından jurnalistlərə bildirilib ki, E.Drue taxıl məhsulları olan stendin qarşısında olarkən icazəsiz etiraz aksiyasına başlanılıb. Bununla əlaqədar prezidentin mühafizəsi prefekturanın kənd təsərrüfatı sərgisinin yaxınlığında və birbaşa sərgidə nümayişləri qadağan edən sərəncamına əsaslanaraq E.Druedən salonu tərk etməyi xahiş edib. “Sarı jiletlilər”in ideoloqu bu xahişi rədd edincə onu zorla pavilyondan çıxarıblar.
E.Druenin vəkili bildirib ki, hüquqlarını qoruduğu şəxs polis tərəfindən saxlanılıb.
"BFMTV" televiziya kanalının məlumatına görə, E.Drue həftə ərzində bir neçə dəfə tərəfdarlarını Beynəlxalq Kənd Təsərrüfatı Salonuna Makrondan narazılıqlarını bildirmək üçün gəlməyə çağırıb.