İtaliyanın Lombardiya və Veneto regionları ərazilərindəki bütün idman tədbirləri ləğv olunub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin baş naziri Cüzeppe Konte bəyan edib. Səbəb kimi bu regionlarda koronavirus xəstəlikləri göstərilib.

Ləğv olunmuş tədbirlər sırasına A Seriyasının "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" matçları da daxildir. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Yeni tarixlər hələ açıqlanmır.

Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının "Askoli" - "Kromeneze" görüşü də ertələnib.

Qeyd edək ki, hazırda A Seriyasının lideri 25 oyundan 60 xal yığan "Yuventus"dur. İlk "3-lüy"ə "Latsio" (56) və "İnter" (54) də daxildir.