Yeni növ koronavirusun sürətlə yayılması dünya maliyyə bazarlarına ciddi təsir göstərir.
Unikal.org azərtac-a istinadən xəbər verir ki, bununla əlaqədar yayılan xəbərlər fonunda investorlar daha riskli aktivləri satmağa çalışırlar.
Bazar mənbələrinin bildirdiyinə görə, belə olan halda Yaponiya milli valyutası yen və dövlət istiqrazları daha etibarlı mənbəyə çevrilir.
Fevralın 25-də hərracların başlanmasından dərhal sonra Tokio Fond Birjasında “Nikkei” indeksi 1000 bənddən çox itirib ki, bu da 4 faizdən çoxdur.
Avtomobil istehsalçısı olan nəhəng ixracatçıların daha çox zərər çəkdiyi bildirilir. ABŞ dollarının məzənnəsi yenə nisbətdə enməyə başlayıb.
Asiyanın digər birjalarında da eniş müşahidə edilir. Belə ki, Cənubi Koreyada “Kospi” indeksi dünən itirdiyi 4 faizdən sonra sabitləşməyə başlayıb. Avstraliya səhmlərinin də 1,5 faiz itirdiyi bildirilir.
Nyu-Yorkun məşhur “Dow Jones Industrial Average” indeksi 1000 bənddən çox itirərək 27960 səviyyəsində qərarlaşıb. Bu, ötən həftənin cümə gününün səviyyəsindən 3,5 faiz aşağıdır. Eyni zamanda, 2018-ci ilin fevralından sonra və onun tarixində üçüncü dəfə müşahidə edilən ən böyük enişdir.
“S & P 500” və “NASDAQ”da da eniş qeydə alınıb. Bu, Avropada müşahidə edilən enişdən sonra qeydə alınıb. Londonun əsas indeksi 3 faiz itirib. Paris və Frankfurtda isə təqribən 4 faiz eniş qeydə alınıb. Yeni növ koronavirusun İtaliyaya daha çox təsir etdiyi bildirilir. Milanda fond indeksi 5,4 faiz düşüb.
Analitiklərin bildirdiyinə görə, investorlar böhranın nə vaxt dayanacağını bilmirlər. Çoxları güman edir ki, bu, qlobal sənayenin inkişafına və ümumilikdə dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər.