Prezident İlham Əliyev “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Unikal.org xəbər verir ki, fərmanla “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” təsdiq edilib.
Sənəddə daha sonra deyilir:
"Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Səhiyyə və Təhsil nazirlikləri, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, habelə yerli icra hakimiyyəti orqanları valideyn himayəsindən məhrum olmuş uşaqların vahid uçota alınması məqsədilə onlar haqqında məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə daxil edəcək səlahiyyətli şəxsləri müəyyən edib, onların elektron imza ilə təmin olunmasını bir ay müddətində təşkil etsinlər".