Səfər Əbiyev-Arzu Rəhimov ixtilafı yenidən alovlandı
13:30 13-11-2012
İQTİSADİYYAT
Səfər Əbiyev-Arzu Rəhimov ixtilafı yenidən alovlandı
Müdafiə naziri Xidmət rəisini məhkəməyə verdi
Müdafiə naziri Səfər Əbiyevlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov arasında toqquşmalar yenidən başlayıb. Hərbi komissarlıqların ləğvindən sonra hərbi çağırışı ələ keçirmək istəyən Əbiyev bu niyyətinə çatmamışdı. Onun Rəhimovu öz nüfuz dairəsinə daxil etmək səyləri nəticəsiz qalmışdı. Bu isə nazirlə Xidmət rəisi arasında "soyuq savaş"a gətirib çıxarmışdı.
Hələ Arzu Rəhimov Xidmət rəisi təyin edildikdən bir müddət sonra mətbuat yazırdı ki, o, müdafiə naziri Səfər Əbiyevin kadrlarını işdən çıxarmağa başlayıb. Məlumatlarda deyilirdi ki, Arzu Rəhimov hərbi komissarlarla tanışlıq iclasında onların nəzərinə çatdırıb ki, yeni qaydalarla işləməli olacaqlar. Onun müəyyənləşdirdiyi qaydaları qəbul etməyənlər isə xidmətlərini orduda davam etdirə bilərlər. Bu iclasdan sonra Arzu Rəhimov Səfər Əbiyevin kadrlarını "vurmağa" başlayıb.
Oxucuların diqqətinə çatdıraq ki, Ilham Əliyev fevralın 13-də "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun tətbiqi barədə fərman imzalayıb. Bu fərmana əsasən Respublika Hərbi Komissarlığı ləğv edilib. Əvəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti yaradılıb. Beləliklə də hərbi komissarlıqlar faktiki olaraq müdafiə nazirinin nəzarətindən çıxarılıb.
Arzu Rəhimovla bir müddət toqquşmalarda olan Səfər Əbiyev hərbi çağırış sistemini öz nəzarətinə keçirmək səylərinin nəticəsiz qalmasının sonucunda Xidmət rəisi ilə arasındakı "soyuq savaş"a fasilə vermişdi. İndi isə müdafiə naziri intriqaları yenidən bərpa edib və birbaşa Arzu Rəhimovu hədəfə alıb.
Məsələ burasındadır ki, nazirin göstərişi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən orduya göndərilən gənc əsgərlər təkrar müayinədən keçirilir və onların arasında səhhəti qüsurlu olanlar geri qaytarılır. Eyni zamanda nazirlik Dövlət Xidmətinin hərbi çağırışçıların müayinəsi zamanı çoxsayda qanun pozuntularına yol verilməsi hallarını (xəstə çağırışçıların sağlam kimi orduya cəlb edilməsi və s.) dosyeləşdirib və hərbi məhkəməyə müraciət edib.
Təbii ki, burada məqsəd Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin üzərinə düşən vəzifələri yerinə yetirməkdə çətinlik çəkməsini önə çıxarmaqla bərabər qurumun rəhbərliyinə etimadsızlıq yaratmaqla Dövlət Xidmətinin Müdafiə Nazirliyinin təsir dairəsinə daxil edilməsinə nail ola bilməkdir. Səfər Əbiyev bu cür hüquqi və psixoloji basqılarla Arzu Rəhimovun üzərində ciddi təsir imkanları əldə etməyi düşünür.
Hesa edilir ki, Səfər Əbiyev son ilyarımda ordudakı itkilərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətini də ortaq etməyə çalışır. Elə bir rəy formalaşdırmaq istəyir ki, məhz adıçəkilən Dövlət Xidmətinin həri xidmətə yararsız gənc çağırışçıları ordu sıralarına cəlb etməsinin nəticəsində Silahlı Qüvvələrdə qeyri-döyüş şəraitində, sırf xəstəlik və bu kimi hallar üzündən əsgər ölümləri daha da artıb.
Bir sözlə, Səfər Əbiyevlə Arzu Rəhimov arasındakı nüfuz savaşının yeni mərhələsi başlanıb və hesab etmək olar ki, bu mərhələdən sonra ya müdafiə naziri hərbi çağırış sistemini öz təsir dairəsinə keçirmək niyyətindən birdəfəlik vaz keçəcək, ya da bu niyyətini gerçəkləşdirmək üçün önəmli üstünlüklər qazanacaq.
Bütün hallarda isə müdafiə naziri ilə Xidmət rəisi arasındakı bu xəmirin hələ çox su aparacağına şübhə yoxdur.
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00