Əkbər Hacıyevin qurumu haqlıdır, yoxsa vətəndaşlar?
13:31 13-11-2012
İQTİSADİYYAT
Əkbər Hacıyevin qurumu
haqlıdır, yoxsa vətəndaşlar?
"Azəriqaz"dan verilən bir açıqlamaya zəruri sözardı
"Noyabrın 15-dən qaz sistemi qış rejiminə keçəcək". Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib.
Qurum sözçüsünün dediyinə görə, Sovet dövründə qış və yay rejimi mövcud idi: "Bu, hesabat normativləri əsasında aparılırdı. Bəlli bir tarix var idi ki, həmin tarixdə yay, qış mövsümünə keçidlə bağlı rejimlər dəyişirdi. Hazırda bu sistem qismən aradan qaldırılıb. Bu, qaz tələbatına uyğun olaraq tənzimlənir. Amma qış rejiminə hazırlıq, bu şəbəkənin nizamlanması, qaz paylayıcı stansiyalarda təmir işlərinin aparılması, xətlərə baxış keçirilməsi bu mövsüm xarakteri daşıyır".
Açığı, qış rejiminə keçidlə bağlı "Azəriqaz"dan verilən açıqlamaya xüsusi nəsə əlavə etməyə də bilərik. Çünki ötən il bununla bağlı qurumdan verilən vədlər hətta bakının mərkəzi rayonlarında da elə vəd olaraq qaldı, çoxsaylı şikayətlər ortaya çıxdı.
Etiraf edək ki, "Azəriqaz" ARDNŞ-in tərkibinə verildiyi ilk ildə - 2010-cu ildə soyuq aylarda elektrik enerjisi ilə müqayisədə qaz təminatı ilə bağlı ciddi problemlər yaşanmamışdı. Amma 2011-ci ilin təcrübəsi "Azəriqaz"ın bu il bizi soyuqdan dondurmayacağı barədə əmin-arxayın danışmağa imkan vermir.
Bizim Əkbər Hacıyevin rəisi olduğu İstehsalat Birliyindən verilən açıqlamaya zəruri əlavə etmək istədiyimiz məqam isə "Azəriqaz"ın quraşdırdığı smart-kartlarla bağlıdır. Belə ki, qurum rəsmisi dünənki açıqlamasında onu da bildirib ki, hazırda mənzillərə smart-kartların tətbiqi prosesi davam edir: "Smart-kartların qoyuluşundan sonra problemin yaşanması çox vaxt abonentlərin cihazla düzgün davranmaması nəticəsində baş verir. Sayğaca istənilən müdaxilə baş verərsə, o zaman sayğacın koda düşməsi olur. Bu zaman yerli qaz istismar sahəsinə müraciət etmək lazımdır. Smart-kartların tətbiqindən sonra ödəniş baxımından mənzillərlə qaz istismar sahəsi arasında heç bir problem olmur".
Açığı, heç kimin öz ayranına turş demədiyini nəzərə alıb "Azəriqaz"dan smart-kartlarla bağlı danışılarkən məsuliyyəti vətəndaşların üzərinə qoyulması cəhdlərini də təbii qarşılaya və üstündən sükutla keçə bilərdik. Amma zəruri bir neçə məqamı vurğulamağı vacib saydıq.
Birincisi, quraşdırılan smart-kartların keyfiyyət problemi hələ sınaq dövründə - onlar Gəncədə quraşdırıldığı müddətdə ortaya çıxmışdı, hətta "Azəriqaz"ın smart-kartlaşdırmadan vaz keçdiyi belə deyilirdi. İndi smart-kartlardakı problemlərə görə vətəndaşları suçlamaq hansı məntiqə sığır?
İkincisi, təsəvvür edin ki, qazın verilişində kiçik bir fasilə kifayətdir ki, smart-kartların işləməsində problemlər yaransın və abonentlər həmin problemləri aradan qaldırmaq üçün qaz idarələri qarşısında süründürməçiliklə üzləşsin.
Üçüncüsü, smart-kartların sərfiyyatı həddən artıq göstərdiyi də vətəndaşların çoxsaylı şikayətləri arasındadır, məsələn köhnə sayğacların zamanında qış mövsümündə istifadə olunan qazın həcmi nədənsə smart-kartlar ortaya çıxandan sonra artmağa başlayıb. Bu da smart-kartlara vurulan məbləğin aqibəti ilə bağlı abonentlərdə haqlı olaraq çoxlu suallar yaradır.
Bütün bunlardan sonra Əkbər Hacıyevin qurumunun başıbəlalı smart-kart sayğacları ilə bağlı sadəcə vətəndaşları qınaq obyektinə çevirməsi başadüşülən deyil. Realist olun, cənablar, bircə dəfə də özünüzə tənqidi yanaşmağı, öz ayranınıza turş deməyi bacarın.
Qorxmayın, buna görə dünya-zad dağılmaz.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00