Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində son illərdə görülən işlər göz qabağındadır. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayıb. Bu proqramlar dövlət tərəfindən maliyyələşdirilib və ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulmasını əhatə edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmətin pulsuz həyata keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və icrası uğurla davam edir. Ölkədəki səhiyyə islahatlarının əsas qayəsi həm də aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların pulsuz dərmanlarla təmin olunmasına və müalicəsinə yönəlib.

Dövlətimizin başçısına məlumat verilib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyevə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət xəstəxanalarında tibbi fəaliyyətin təşkilindəki əsas dəyişikliklər barədə məlumat verildi. Bildirildi ki, təcili və təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün evə yazılır, nəticədə stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır. Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrin birbaşa daxil ola biləcəyi ərazilərdən kənarda yerləşdirilib, qan və digər nümunələrin alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib. Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana binalarının birinci mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər.