Ermənistanda rəvayət kimi 2013 üdcəsi
13:32 13-11-2012
İQTİSADİYYAT
Ermənistanda rəvayət kimi 2013 üdcəsi
Və ya insanları meymun sayanlar: kərgədan yuxarı qalxır
Ermənistanın 2013-cü il üçün büdcəsi yetərincə maraqlı sənəddir. Bir qədər triller, bir qədər də komikslərdən ibarət rəvayətə bənzəyir.
Büdcə ölkə iqtisadiyyatının gələn ildə 6,2 faiz həcmində inkişafını nəzərdə tutsa da, büdcə təşkilatlarında çalışanların maaşlarının heç bir artımı olmayacaq.
Məntiqi kazus, absurddur. Ölkə əgər iqtisadi inkişaf edəcəksə, bu artımın heç olmasa büdcə təşkilatlarında çalışanların maaşlarına təsiri olmayacaqsa, söhbət hansı artımdan gedir və belə inkişaf kimə gərəkdir - aydın deyil.
Ermənistanın maliyyə nazirinin müavini Pavel Safaryanın belə əcaib duruma izahı var. Onun dediyinə görə, büdcə təşkilatlarında çalışanların maaşlarının artmayacağı gələn il hökumətin başqa vacib işlərlə məşğul olacağı ilə bağlıdır.
Söhbət xarici borcla bağlı faizlərin ödənilməsi və müdafiə xərcləridir. Bu sahələrə 3 milyard dollarlıq büdcənin təqribən 900 milyon dollarının xərclənməsi planlaşdırılıb. Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayan Yerevan müharibənin qaçılmazlığına şübhə etmir və həmin hərbi əməliyyatlara indidən hazırlaşdığını cəmiyyətə təlqin etmək istəyir.
Müdafiə xərclərinin artırılması əslində Ermənistanın Dağlıq Qarabağda işğal korpusunun saxlanması məsrəflərinin artırılması, erməni hərbçilərinin hərbi texnika və silahdan tutmuş, ərzaqla təminatının normal səviyyədə olmasa da, qismən normala çatdırılması cəhdləri ilə bağlıdır. Üstəlik, Ermənistan ordusundakı hərbi texnikanın əksəriyyəti sabiq Sovetlər Birliyində istehsal olunub.
Sonradan Rusiyanın hədiyyə etdiyi və Moskvanın güzəştli qiymətlərlə satdığı texnika da hesaba alınanda belə, durum acınacaqlıdır. Eynən xarici borclarla bağlı situasiya kimi. Ermənistanın xarici borclarının ümumi həcminin ümumdaxili məhsula olan nisbəti astronomik səviyyəyə çatdığından, ölkə iflas durumunun bir addımlığındadır.
Beynəlxalq təşkilatlar və ermənilərə borc vermiş dövlətlər isə bundan sonra gözləmək niyyətində olmadıqlarından, prezident Serj Sarkisyanın iqtidarının vəziyyəti hədsiz dərəcədə pisləşib. Məhz bu səbəbdən Yerevandakı iqtidar defolt elan etməmək üçün xarici borcların faizlərini ödəmək, heç olmasa bu minvalla aqoniyanı uzatmaq fikrindədir.
Ölkədəki iqtisadi durum elə erməni ekspertlərin dediklərinə görə, təhlükəli səviyyədədir və köklü islahatların aparılmayacağı, süni inhisarlara son qoyulmayacağı, xüsusilə də rüşvətxorluq və korrupsiyaya qarşı effektiv mübarizə təşkil edilməyəcəyi təqdirdə Ermənistanı iqtisadi kollaps gözləyir. Belə situasiyada hakimiyyət iqtisadi geriləməni dayandırmaqdan, iqtisadiyyatın istisnasız olaraq bütün sahələrinə sirayət etmiş xaosa son qoymaqdan, kiçik və orta sahibkarlığın dəstəklənməsindən bəhs edərək konkret proqramları reallaşdırmağa başlamaq əvəzinə mifik, uydurma "iqtisadi inkişaf"dan danışır.
Yerevandakı "Artvan" sosioloji mərkəzi ölkənin əyalətlərində yaşayan insanların maddi durumunu və sosial vəziyyətini öyrənmək məqsədilə araşdırma aparıb. 12 rayondakı sorğunun sonuclarına görə, anonim respondentlərin 86 faizi yaşamlarından narazı olduqlarını, rifah səviyyələrinin çox aşağı olduğunu deyiblər. Rəyi soruşulanların 67 faizi yaşadıqları şəraiti "məmurların yaratdığı dözülməz vəziyyət" adlandırıblar. Onların 93 faizi ölkə rəhbərliyinin yürütdüyü siyasətdən və hökumətin qərarlarından narazı qaldıqlarını deyiblər.
Rəy sorğusuna qatılmış ermənilərin yalnız 4 faizi hakimiyyətin sosial siyasətindən razı qaldıqlarını deyiblər. Əhalinin böyük qisminin yoxsulluq həddindən də aşağı yaşadığı, minimal istehlak zənbilinin ilbəil kasadlaşdığı və kiçildiyi bir ölkənin nazirləri, məmurları və xüsusilə də iqtisadi siyasətə cavabdeh olanlar sanki vətəndaşları ələ salırmış təki sarsaq açıqlamalar verirlər.
Onların dediklərinə görə, şərait çətin olsa da, problemlər çözülməkdə, iqtisadiyyat inkişaf etməkdə, vətəndaşların maddi rifah səviyyəsi yüksəlməkdədir. Rəsmi Yerevanın fikrincə, pis deyil. Lakin həqiqət odur ki, büdcə təşkilatlarında çalışanların alıcılıq qabiliyyəti gələn il daha da azalacaq. Ölkədə bahalaşma və inflyasiyanın ilbəil artması, gündəlik tələbat mallarının və ərzaq məhsullarının qiymətlərinin qalxması adi prosesə çevrilib.
Özü də bu proses illərdən bəri davam edir, nə zaman başa çatacağı da bilinmir.
...Ermənistan maliyyə nazirinin müavini Pavel Safaryan deyir ki, gələn il inflyasiyanı 2,5-6,5 faiz səviyyəsində proqnozlaşdırır. "Ərzağın bahalaşmasında problem görmürəm. Vətəndaşların ət əvəzinə tərəvəz almaları onların səhhətinə müsbət təsir edə bilər. Bəziləri deyirlər ki, meymun məhz ət yeməyə başlayandan sonra insana çevrilib. O vaxtlar artıq geridə qalıb", - Safaryan Yerevanda çıxan "Haykakan Jamanak" qəzetinə verdiyi açıqlamasında söyləyib.
Safaryanın söylədikləri əslində prezident Serj Sarkisyan iqtidarının vətəndaşlarına olan münasibətini tam dəqiqliklə ortaya qoyur. Sarkisyan üçün Ermənistan vətəndaşlarının ət və ya ot yemələrinin heç bir fərqi yoxdur: təki onlar iqtidardakı dəstənin indiki vəziyyətini dəyişməyə cəhd göstərməsinlər, qiyam və ya üsyan fikrinə düşməsinlər, deyilənləri etsinlər, etmədiklərini də desinlər.
Ət yemək və ya kartof bişirmək təki kulinar incəliklər Yerevan hakimiyyətinin diqqətini daha ciddi məsələlərdən yayındıra bilməz. O məsələlər qarşıdan gələn prezident seçkilərinə hazırlaşmaq, fasiləsiz artan borcları qismən də olsa, ödəmək, habelə mümkün müharibədə Ermənistanın bir dövlət kimi yox olmasının qarşısını almaqdır.
Ermənistanın sabiq prezidenti, Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyanın fikrincə, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi ehtimalı günlərin birində kərgədanın Prezident Administrasiyasının pilləkənləri ilə yuxarı qalxaraq Sarkisyanın iş otağına daxil olması qədər realdır.
Yerevanda kərgədanların olmadığını və olsa belə, onların pilləkənlərin aşiqinə çevrilməyəcəklərini düşünsək, ermənilərin hakimiyyəti ədalətli, Konstitusiya çərçivəsində dəyişmək şansları faktiki olaraq sıfıra bərabərdir.
Prezident seçkilərində həmişəki ssenari təkrarlanacaq, seçicilərin səsləri oğurlanacaq, onlar total saxtakarlıq və fırıldaqlardan ibarət faktlar toplusu ilə üzləşəcəklər, əlac küçələrə çıxaraq aksiyalar keçirməyə qalacaq. Həmin aksiyaların hakimiyyəti dəyişməkçün nə qədər yararlı ola biləcəyini isə sonra biləcəyik. Hələliksə kərgədanın pilləkənlərlə yuxarı çıxması, həmçinin Yerevandakı hakimiyyətin vətəndaşları insan sayması müşkül məsələdir.
Ermənistan prezidenti Serj Sarkisyanın iqtidarı idarə etdiyi insanlarda nifrət yaradan əməllərini davam etdirir və dayanmaq niyyətində deyil. Çünki Yerevan iqtidarı köhnə velosiped kimidir.
Dayanan kimi aşacaq.
Novruz Sultanov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00