Azərbaycan-İsrail yaxınlığı nələr vəd edir?
13:38 13-11-2012
CƏMİYYƏT
Azərbaycan-İsrail yaxınlığı nələr vəd edir?
Gündən-günə yeni istiqamətlərlə diqqəti cəlb edən Azərbaycan-İsrail münasibətləri son zamanlar həm iş adamlarının, həm politoloqların, həm də siyasətçilərin diqqət mərkəzindədir. "Mavi Mərmərə" gəmisi ilə bağlı İsraillə Türkiyə arasında baş vermiş bəlli insidentdən sonra İsrail Yaxın Şərq müstəvisində itirdiyi mühüm müttəfiqin boşluğunu, görünür, qismən bu şəkildə tarazlaşdırmağa çalışır.
Bunu da yaddan çıxarmayaq ki, yəhudi lobbisi Qərb dövlətlərində böyük nüfuza və gücə malikdir. Fikrimizcə, Dağlıq Qarabağ probleminin həllində bu lobbinin gücündən və imkanlarından yetərincə istifadə edə bilmirik.
Ümumi mənzərəyə getdikcə gərginləşməkdə olan İran-İsrail qarşıdurmasını da əlavə etsək, panorama tamamilə tamamlanmış olar. Necə deyərlər, zaman və bölgədəki siyasi situasiya bu iki ölkəni istər-istəməz yaxınlaşmağa, isti münasibətlər qurmağa məcbur edib. Və bu münasibətlər hərbi sahədə əməkdaşlıqdan tutmuş elm, sənaye və səhiyyəyə qədər genişlənməkdədir.
Azərbaycan-İsrail Ticarət-Sənaye Palatasının təsisçisi Aleks Kaplun bildirib ki, "Ticarət-Sənaye Palatasının yaradılması ideyasının məqsədi Azərbaycanla İsrail arasında ticarət-sənaye münasibətlərini müxtəlif istiqamətlərdə genişləndirməkdir. Bu gün Ticarət Palatasının təsisçisi olan 35-40 şirkət arasında telekommunikasiyalar, tibbi avadanlıq, adi və alternativ enerji, təhsil, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər var".
O, İsraildə yüksək texnologiyaların son dərəcə inkişaf etdiyini bildirib: "İnanıram ki, İsraillə qarşılıqlı əməkdaşlıq müqabilində Azərbaycan iki-üç ildən sonra bu sahədə regionda və MDB-də aparıcı ölkəyə çevrilə bilər. Biz tibb sahəsində "qardaş xəstəxanalar" layihəsinə başlamaq istəyirik. Məsələn Bakıdakı klinikalardan birini tam şəkildə Tel-Əviv xəstəxanasının kardiologiya şöbəsi kimi təchiz etmək niyyətindəyik. Bundan başqa israildən olan həkimləri azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmaq, əməliyyatlar etmək üçün Bakıya dəvət etmək niyyətimiz var. Düşünürəm ki, bu təcrübə Azərbaycanda tibbin daha da inkişafına kömək göstərəcək".
Aleks Kaplun qeyd edib ki, İsrail-Azərbaycan birgə şirkətlərinin yaradılması, Azərbaycan sərmayəçilərinin İsrail müəssisələrinə kapital qoyması ölkəmizdə yüksək texnologiyalar bazarının inkişafına müsbət təsir edə bilər.
"Atlas" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlunun sözlərinə görə, "Azərbaycan-İsrail münasibətlərinin sıxlaşmasının birinci səbəbini bölgədəki geopolitik durumla izah etmək lazımdır. Hazırda Azərbaycanın ən çox ehtiyac duyduğu məsələ yeni texnologiya və müasir silahların əldə edilməsidir. Yeni texnologiya Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün mühüm amillərdən biridir. Bu baxımdan yanaşanda İsrail Azərbaycan üçün, həqiqətən də, əvəzsiz tərəfdaş rolunu oynaya bilər və biz bundan mütləq səmərəli şəkildə istifadə etməliyik. İsrail coğrafi baxımdan Şərq ölkəsi olsa da, elm, iqtisadiyyat və müasir texnoloji sistemlər baxımından klassik Qərb ölkəsi kimi çıxış edə bilir. Buna görə də hesab edirəm ki, İsraillə münasibətlərimizdən mümkün qədər çox fayda götürməyə çalışmalıyıq".
Politoloqun fikrincə, Azərbaycanla İsraili yaxınlaşdıran digər amil isə Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olmasıdır: "Və bu müharibəmni udmaq üçün Milli Ordumuzun cəbhəxanasında müasir silahlar və müasir hərbi texnika daha çox olmalıdır. Məlum səbəblər üzündən Rusiya və NATO-ya daxil olan ölkələr Azərbaycana bu silahları satmaq istəmirlər. Məlum olduğu kimi, Birləşmiş Ştatlar da öz şirkətlərinin Azərbaycana silah satmağına imkan vermir. Düzdür, bu boşluğu qardaş Türkiyənin vasitəsilə qismən doldurmaq mümkün olur. Amma indiki durumda İsraillə bu yöndə ticarət əlaqələrinin genişləndirilməsi Azərbaycan üçün olduqca önəmlidir".
Politoloqun müşahidələrinə görə, "Azərbaycanın indiyə qədər İsraildən aldığı elə hərbi texnika və silahlar var ki, onları Türkiyədən də almaq olardı. Amma nədənsə Azərbaycan hökuməti bu seçimi İsrailin xeyrinə edib və görünür, bu məqamda müəyyən prioritetlər ön plana keçirilib. Ola b ilsin ki, belə məsləhətdir və mən bu baxımdan bizim məmurları başa düşürəm".
Natiq
Digər Xəbərlər
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12