Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.

Unikal.org xəbər verir ki, iclasın sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə olub və 116 səs lehinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

*** 12:42

Milli Məclisə yeni sədr müavinləri seçilib. 

Unikal.org xəbər verir ki, altıncı çağırış parlamentin bu gün keçirilən ilk iclasında hakim Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclis sədrinin I müavini vəzifəsinə Əli Hüseynlinin, sədrin müavini vəzifəsinə isə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən deputat Fəzail İbrahimlinin və bitərəf deputatlar tərəfindən Adil Əliyevin namizədliyi irəli sürülüb.

Onların parlament sədrinin müavinləri vəzifəsinə seçilməsi məsələsi müzakirə olunub.

Müzakirədən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

***12:51

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və Regional məsələlər komitəsinə yeni sədrlər seçiliblər. 

Unikal.org xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov isə Regional məsələlər komitəsinin rəhbəri seçiliblər.

YAP-çı deputat Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, hakim partiyadan olan deputat Musa Quliyev isə Əmək və sosial siyasət komitəsinin sədri olublar.

YAP-çı deputat Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri seçilib.

YAP üzvü Səməd Seyidov yenidən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olub.

Hakim partiyanı təmsil edən deputat Əhliman Əmiraslanov yenidən Səhiyyə komitəsinin sədri seçilib.

Bitərəf deputat Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri olub.

Milli Məclis sədrinin yeni müavini, bitərəf deputat Adil Əliyev Gənclər və idman komitəsinin rəhbəri seçilib. 

Bitərəf deputat Bəxtiyar Əliyev parlamentin Elm və təhsil komitəsinin sədri seçilib.

Milli Məclis sədrinin yeni birinci müavini, YAP-çı deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri olub. 

Hakim partiyanı təmsil edən deputat Ziyafət Əsgərov yenidən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Milli Məclis sədrinin yeni müavini, Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən deputat Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, bitərəf deputat Zahid Oruc İnsan hüquqları, YAP-çı deputat Tahir Rzayev Aqrar siyasət komitəsinin sədri seçilib.