Göygöl rayonunda ərini öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Aynurə Qəhrəmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Göygöl rayon sakini İlham Qəhrəmanov arvadı Aynurəni uzun müddət qısqanıb və onu başqa kişilərlə intim münasibət saxlamaqda günahlandırıb.
O, mütəmadi olaraq arvadını döyüb, təhqir edib. Bu səbəbdən onların aralarında münasibətlər pozulub. Aynurə Qəhrəmanova 23 noyabr 2012-ci il tarixdə aralarında olan rəsmi nikah qeydiyyatının pozulması barədə Göygöl rayon Məhkəməsində əri İlham Qəhrəmanova qarşı iddia qaldırıb.
Sərxoş kişinin dəhşətli qətli
12 yanvar 2013-cü il tarixdə saat 23-24 radələrində sərxoş vəziyyətdə olan əri İlham Qəhrəmanovun onu döyməsindən və qeyri-təbii yolla cinsi əlaqədə olmaq təkidindən qurtulmaq üçün mübahisə edib.
Bu zaman Aynurə İlham Qəhrəmanovu çarpayının üzərinə yıxıb və üstünə çıxaraq dizləri ilə sinəsindən basıb. İlham Qəhrəmanov boğulma nəticəsində ölüb.
Daha sonra cinayətin izini itirmək və məsuliyyətdən yayınmaq məqsədilə İlham Qəhrəmanovun meyitini sürüyərək evin həyətindəki yardımçı tikiliyə gətirib. Orada meyiti basdırmaq üçün xəndək qazıb.
Amma xəndəkdəki iri daşı çıxartmağa gücü çatmayıb. O, həmkəndlisi və qonşusu Ağalar Kərimovu kanalizasiya çəkdirmək adı ilə evinə çağırıb. Sonuncunun baş vermiş hadisədən xəbəri olmayıb və qadın xəndəkdəki daşı ona çıxartdırıb. Xəndəyi qazaraq dərinləşdirdikdən sonra Ağalar Kərimov yaşadığı evə gedib.
Qətlin üstü necə açıldı?
Aynurə Qəhrəmanova isə yaşadığı evin yardımçı tikilisində qazdığı xəndəkdə İlham Qəhrəmanovun meyitini basdırıb.
2017-ci il iyulun 21-də saat 11 radələrində İlham Qəhrəmanovun meyiti Göygöl rayonu Qırıxlı kəndində evin yardımçı tikilisindən aşkar edilərək xəndəkdən çıxarılıb.
İstintaq orqanı tərəfindən Aynurə Qəhrəmanovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Münasibətlərimiz pisləşdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aynurə Qəhrəmanova bildirib ki, 1998-ci ildə İlham Qəhrəmanovla ailə həyatı qurub, birgə nigahlarından 1999-cu il təvəllüdlü Rəşad, 2002-ci il təvəllüdlü Fatimə, 2008-ci il təvəllüdlü Elşad dünyaya gəlib: “Evləndikdən sonra əvvəlcə İlhamla Göygöl rayonu Balçılı kəndində qaynatamgilə məxsus evdə yaşadıq.
2004-2005-ci illərdə isə Göygöl rayonunun Qırıqlı kəndində ev aldıq. Bundan sonra həmin evdə yaşamağa başladıq.
İlhamla evləndikdən az müddət sonra münasibətlərimiz pisləşdi. Bunun səbəbi İlhamın mütəmadi olaraq spirtli içki qəbul etməsi, evə qayğı göstərməməsi, mənimlə dava-dalaş etməsi oldu.
Göygöl rayon Qırıqlı kəndinə köçdükdən sonra İlhamla münasibətlərimiz daha da pisləşdi. Buna səbəb İlhamın qısqanclığı oldu. Aramızda həmişə soyuq münasibət olub. Həmişə İlhamla ayrı-ayrı otaqlarda yatmışıq”.
“Bəhman sənin ərindir, dalınca gəlib”
Aynurə Qəhrəmanovanın sözlərinə görə, 2012-ci il avqustun 26-da İlham və 3 övladı İlhamın qohumugilə toya gediblər: “Toydan çıxdıqdan sonra İlham yenidən mənim ünvanıma nalayiq sözlər işlətməyə başladı. Qaynım Bəhmana zəng vuraraq, bizi yaşadığımız evə aparması üçün çağırdı. Bəhman gələ bilməyəcəyini dedi. İlham yenidən əsəbləşdi. Bunu gördükdə Bəhmana zəng edərək, İlhamın məni döymək istədiyini dedim, gələrək bizi evə aparmağını xahiş etdim.
Bir qədər sonra Bəhman həmin yerə gəldi. Mən və uşaqlarım Bəhmanın maşınına oturduq. İlham isə Bəhmanın onun çağırışına deyil, mənim çağırışıma gəldiyinə görə əsəbləşdi.
İlham mənə “Bəhman sənin ərindir, ona görə dalınca gəlib” dedi. İlhamla Bəhman arasında mübahisə yarandı”.
“Məni döyəcəyini fikirləşdim”
Aynurə Qəhrəmanova qeyd edib ki, İlham restoranın yanında oğlu Rəşadla qalıb: “Bir qədər irəlilədikdən sonra Bəhmana dedim ki, İlham Rəşadı döyəcək, geri qayıdaq, Rəşadı da özümüzlə götürək. Geri qayıdıb Rəşadı götürdükdən sonra Qırıqlı kəndində olan evimizə getdik.
Həmin vaxt anam Güllü evimizdə idi. Həyətdə bir qədər dayandırdan sonra uşaqlara toy evinə gedəcəyimi dedim, sonuncuları anamın yanına yolladım. Toya nəmər yazılmadığından baldızım Rəsmiyyənin qonşuluqda olan evi istiqamətinə yollandım.
Lakin İlhamın gələrək məni orda da döyəcəyini fikirləşdim, ora getmədim. Yenidən yaşadığım evə qayıtdım, amma evə girmədim, həyətdə gözlədim”.
“Özümü öldürəcəyimi dedim”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, gecə yarı əl damına girib, səhərə yaxın saat təxminən 5 radələrində İlhamdan qorxduğundan Gəncə şəhərinə gedib: “Gəncədə gün ərzində gəzişdikdən sonra bacım Arifəyə zəng vurdum, uşaqların necə olduğunu soruşdum. Bacım evdən çıxaraq getdiyim üçün məni danladı. Ona özümü öldürəcəyimi, artıq bu cür yaşaya bilmədiyimi dedim.
Bacımın təkidindən sonra onlara gəldim. İlham isə gələrək, məni oradan götürdü, yaşadığımız evə gətirdi. Həmin gündən ailəmizdə münasibət daha da korlandı.
İlham yenə də məndən boşanmaq istədi. İlham məndən boşansın deyə oğlum Rəşadın istifadəsində olan nömrədən tanımadığım bir nömrəyə zəng etdim, sonuncu ilə tanış oldum. Təxminən 3 gün müddətində həmin şəxslə telefonla danışdım. Həmin şəxs mənim ailəli olduğumu bildi, mənimlə danışmadı”.
Aynurə Qəhrəmanova bildirib ki, bir gün telefonda həmin şəxsin nömrəsini açıq saxlayıb: “Məqsədim ərimin həmin şəxslə danışdığımı, xəyanət etdiyimi düşünməsi və məndən boşanmasına nail olmaq idi. Ərim həmin şəxsə zəng vurdu, danışdıqdan sonra yenidən məni döydü.
2012-ci ilin sentyabrında oğlum Rəşadın istifadəsində olan nömrədən başqa bir kişi ilə təxminən bir həftə danışdım. Həmin kişi də mənim evli olduğumu bildi, mənimlə danışmadı”.
“Məni öldürməyini təklif etdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ilin sentyabrında Göygöl rayon Məhkəməsinə boşanmaq üçün müraciət edib: “Dekabr ayında hazırlıq iclası, 14 yanvarda isə məhkəmə baxışı olmalı idi.
12 yanvar 2013-cü il tarixdə İlham axşam saatlarında spirtli içki qəbul etdi, sonra çimməyə getdi. İçkili olduğu üçün ona çimməyə kömək etdim. İlham təxminən saat 22-23 arası yenidən mənimlə mübahisə etdi, sonra yatdı. Gecə yarısı yenidən oyandı. Mənim və uşaqlarımın yatdığı otağa keçdi. Yenidən bədənimin müxtəlif nahiyələrinə zərbələr endirdi.
İlhamın yatdığı otağa keçdim ki, səs-küydən uşaqlar narahat olmasın. Orada da İlham mənimlə dava-dalaş etdi. Əynimdə olan xalatı çıxararaq lüt şəkildə yatdığı çarpayıya uzatdı.
Uzanmış vəziyyətdə İlham nə üçün ona xəyanət etdiyimi soruşdu, camaat içinə çıxa bilmədiyini, başını aşağı əydiyimi, yad kişiylə danışdığımı dedi. Ona xəyanət etmədiyimi, adıma söz çıxarsa, məndən boşana biləcəyindən belə bir şey etdiyimi söylədim.
İlham etdiyim hərəkətlərinə görə özünü öldürəcəyini dedi. Mən isə ona özünü yox, məni öldürməyini təklif etdim”.
“Kəməri boğazına bağladı, intihar edəcəyini dedi”
Aynurə Qəhrəmanova qeyd edib ki, bundan sonra İlham ayağa durub və onu vurmağa başlayıb: “Otaqdan qaçmaq istəyəndə İlham arxadan məni vurdu, yatdığı çarpayıya yıxdı və bədənimin müxtəlif nahiyələrinə vurmağa başladı. İlham məndən hara getdiyimi soruşdu. İlhama xəyanət etmədiyimi, sadəcə onda qıcıq yaratmaq üçün evdən getdiyimi söylədim.
O, mənimlə qeyri-təbii yola cinsi əlaqədə olmaq istədiyini dedi. Onun bu istəyindən imtina etdim. Bu səbəbdən aramızda mübahisə baş verdi. Donumun parça materialdan olan kəməri həmin vaxt İlhamın çarpayısının yanında idi. İlham həmin kəməri boğazına bağladı, intihar edəcəyini dedi.
Başa düşdüm ki, intihar edəcəyini deyib, məni qorxutmaq istəyir ki, razı olub, onunla qeyri-təbii yolla cinsi əlaqədə olum. Hiss etdim ki, razı olmasam da, İlham zorla mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olacaq. Mən isə həmin formada cinsi əlaqədə olmaq istəmədim, bunu qəbul edə bilmədim.
İlhamın boğazına bağladığı kəməri açmaq istəyəndə, mənə mane olaraq çənəmə yumruq vurdu. Bu zaman İlhamı itələdim, o, geri gedərək çarpayıda oturdu. Tez iki əlimlə onu boğmağa başladım”.
“Dedim ki, yatdı, narahat olma”
Aynurə Qəhrəmanovanın sözlərinə görə, İlhamı öldürmək məqsədi ilə boğub: “Xırıltı səsi gəldikdə onu buraxdım. Bundan sonra təlaşlı olduğumdan evin içində ora-bura getdim. Qızım Fatimə dava zamanı səsə oyanmış olduğundan, onların yatdığı otağa keçəndə qızım mənə “necə oldu, atam yatdımı?” sualını verdi. Mən isə Fatiməni qucaqladım, dedim ki, yatdı, narahat olma.
Uşaqlar yatandan sonra İlhamı öldürdüyüm otağa keçdim. Arxadan qucaqlayaraq onu əl damına tərəf açılan pəncərəyə söykədim. İkinci cəhddə İlhamın başını pəncərədən çölə çıxartdım. Bundan sonra həyətə düşdüm, pəncərənin digər tərəfinə keçərək İlhamı çiyinlərindən tutaraq əl damına apardım”.
“Üstünə torpaq tökdüm, yeri hamarladım”
Aynurə Qəhrəmanovanın sözlərinə görə, İlhamı əl damında divara söykəyib, üstünü isə dəmir şiferlərlə örtüb ki, meyitini kimsə görməsin: “Yanvarın 13-də həmin damda İlhamı gizlətmək üçün boyu ölçüdə pəncərənin olduğu qapıya perpendikulyar qazmağa başladım. Qazmağa gücüm çatmadığım üçün qonşu Ağaları çağırdım ki, mənə kömək etsin.
Ağalara əl damında qazıntı aparmağımın səbəbinin təmirlə əlaqədar olduğunu dedim. Bildirdim ki, damın suyunu məhəllədən axıtmaq üçün kanalizasiya düzəldəcəm, İlham demişdi ki, qazdırım. Ağalar arvadı Mətanətlə birlikdə bizə gəldilər. Mətanətlə mən kənarda dayandım, Ağalar isə mənim qazdığım xəndəyi dərinləşdirdi.
Bundan sonra Ağalar, bir qədər sonra isə Mətanət getdilər, gecə uşaqlar yatdıqdan sonra əl damına gəldim. İlhamın üzərinə qoyduğum şiferləri götürdüm. Onu qazılmış xəndəyə uzatdım. Üstünə torpaq tökdüm, yeri hamarladım”.
“Ərimi öldürüb basdırdığımı başa düşmədilər”
Təqsirləndirilən şəxs bildirib ki, səhəri gün qaynı Bəhman gəlib və İlhamı soruşub: “Bəhmana İlhamın səhərdən çıxdığını, hara getdiyini bilmədiyimi dedim. Bundan sonra qaynanam və Bəhman bir neçə dəfə gəldi, İlhamı soruşdular. Mən isə İlhamın harda olduğunu bilmədiyimi dedim.
Təxminən bir ay sonra bildim ki, qaynım Bəhman İlhamın yoxa çıxması barədə Göygöl rayon polis şöbəsinə ərizə verib. Bəhmanın ərizəsi ilə bağlı polis əməkdaşları yaşadığım evə gələrək evimə baxış keçirdilər, lakin ərimi öldürüb basdırdığımı başa düşmədilər”.
Aynurə Qəhrəmanovanın ifadəsinə görə, İlham əvvəllər qeyri-təbii yolla cinsi əlaqədə olmağı ona təklif etməyib, lakin başqa qadınlarla görüşdüyünü və həmin qadınlarla qeyri-təbii yollarla cinsi əlaqədə olduğunu ona danışıb.
Onun sözlərinə görə, ərini öldürməmişdən qabaq və öldürdükdən sonra heç kimə heç nə deməyib, heç kimdən heç vaxt bu barədə kömək istəməyib: “İlhamı təkbaşına öldürmüşəm. Ərimi öldürdüyüm üçün məsuliyyətə cəlb olunacağımı fikirləşdiyimdən bu barədə heç bir məlumat verməmişəm”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aynurə Qəhrəmanova 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Aynurə Qəhrəmanova apelyasiya şikayəti verib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli hökmünün ləğv edilməsini, əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Aynurə Qəhrəmanovanın şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Məhkəmə Aynurə Qəhrəmanovanın apelyasiya şikayətini qismən təmin edib, onun barəsində olan cəzanı 9 il 6 aya qədər endirib.