Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan və Suraxanı qəsəbələrində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Samir Abdullayev və Hüseynağa Bağırov tutularaq istintaqa təqdim ediliblər. 

Araşdırma zamanı S.Abdullayevin Hövsan qəsəbəsində 10, H.Bağırovun Suraxanıda 8 mənzildən pul, qızıl-zinət, məişət əşyaları, təmir-tikinti alətləri oğurladıqları məlum olub.

Faktla bağlı saxlanılan şəxslər barəsində Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.