Xəbər verdiyimiz kimi, Beyləqan rayon Yol Polisi Şöbəsinin əməkdaşı, serjant Ələhim Məhəmməd oğlu Zalov sürücünün ölümünə səbəb olub. Belə ki, o, sürücü Ziyafət Talıb oğlu Novruzovu saxlayaraq onunla mübahisə edib. Hadisə şahidlərinin sözlərinə görə, yol polisi əməkdaşı Ə. Zalovun sürücü ilə kobud rəftarı Z. Novruzovun ölümüylə nəticələnib. Meyit aidiyyatı üzrə təhvil verilib.
Məsələ ilə bağlı Unikal.org-a Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib:
Məlumatda deyilir:
"19.03.2020-ci il tarixdə saat 16:20 radələrində Beyləqan rayonu ərazisində 22-66 АГБ qeyri-standart dövlət qeydiyyat nişanı ilə idarə olunan “Niva” markalı avtomobil Beyləqan rayon polis şöbəsinin DYP əməkdaşları tərəfindən saxlanılmış, nəqliyyat vasitəsini idarə edən Xocavənd rayon sakini 70 yaşlı Novruzov Ziyafət Novruz oğlunun sürücülük hüququ olmadığına və qeyri-standart dövlət qeydiyyat nişanları ilə idarə edildiyinə görə avtomobil mühafizə olunan duracağa yerləşdirilmişdir.
İnzibati xətanın sənədləşdirilməsi zamanı sürücü qəflətən müvazinətini itirərək yıxılmış, təcili tibbi yardımın vaxtında gəlməsinə baxmayaraq, Z.Novruzov ürək-damar xəstəliyindən əziyyət çəkən şəxs olduğu üçün onun həyatını xilas etmək mümkün olmamışdır.
Araşdırma zamanı qeyd olunanlar patrul avtomobilində quraşdırılmış videogörüntülərdə təsdiqi tapmış, ona qarşı hər hansı qanunazidd hərəkətlərin və ya kobud ifadələrin işlədilməsi müəyyən edilməməş, həmçinin sürücü Z.Novruzovun indiyədək iki dəfə infarkt keçirməsi məlum olmuşdur."