Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC-nin bütün taksiləri koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün gündəlik dezinfeksiya edilir. Eyni zamanda, bu məqsədlə sürücülər antiseptik məhlullar, spirt, əlcək, maska və lazımi profilaktik vasitələrlə təmin olunurlar. Taksilərdə sərnişinlərin avtomobildən istifadə zamanı əllərini spirtləməsi üçün spirtlə dolu xüsusi aparat yerləşdirilib.
Unikal.org xəbər verir ki, bununla yanaşı, “Bakı Taksi Xidməti” MMC tərəfindən koronavirusla bağlı müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir. Belə ki, qurumun tabeliyindəki bütün taksilərdə həm sürücülərin, həm də taksidən istifadə edən sərnişinlərin koronavirus infeksiyasının profilaktikası ilə bağlı məlumatlandırılması üçün xüsusi lövhələr yerləşdirilib. Həmçinin xidmət əməkdaşlarının bu sahədə maarifləndirilməsi məqsədilə qurum daxilində məlumat xarakterli lövhələr asılıb.
Ümumilikdə profilaktik işlər davamlı xarakter daşıyır və vətəndaşların sağlamlığının qorunması üçün sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır.