Güney Azərbaycanda fəlakət zonası və mərkəzi hökumətin laqeydliyi
11:49 15-11-2012
CƏMİYYƏT
Güney Azərbaycanda fəlakət zonası və mərkəzi hökumətin laqeydliyi
Sərdar Cəlaloğlu: "Bu İrandakı soydaşlarımızın hökumətdən uzaqlaşmasına, yadlaşmasına səbəb olacaq"
Oxucunun yadındadırsa, bir neçə ay əvvəl İranın Güney Azərbaycan bölgəsində güclü zəlzələ baş vermiş, onlarla insan həlak olmuş, minlərlə ev dağılmışdı. İran hökuməti zəlzələdən bir neçə gün sonra fəlakət zonası ilə maraqlanmağa başlamışdı. Bununla belə, hadisədən bir neçə ay keçməsinə baxmayaraq, İrandan gələn məlumatlara görə, təbii fəlakət zonasındakı durum yenə də ağır olaraq qalır. Yəni İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdən zərər çəkənlərin həyat şəraiti daha da ağırlaşıb.
Şərqi Azərbaycanda yaşayan soydaşlarımızdan alınmış məlumata görə, son günlər davamlı yağan qar yaşayışı bir qədər də çətinləşdirib: "Qaradağ dağlıq bölgə olduğu üçün bütün qışı qarlı-şaxtalı keçir. Artıq bir neçə gündür ki, fasiləsiz qar yağır. İslanmaqdan qorunmaq üçün bəziləri çadırları sellofanla örtsələr də faydası olmur. Soyuqdan və şəraitsizlikdən daha çox yaşlılar və uşaqlar əziyyət çəkir. Zəlzələ nəticəsində valideynlərini itirən uşaqlar himayəsiz qalıb. Kəndlərdə tibb məntəqəsi olmadığından xəstələnən insanlar tibbi yardım ala bilmirlər".
Zəlzələ bölgəsinə baş çəkən təbrizli fəallar da orada vəziyyətin ağırlaşdığından danışıb: "Camaat qab-qaşığını, paltarını, əl-üzünü bayırda yuyurlar. Şaxtadan su gölməçələri də donub. Məişətdə istifadə etmək üçün su tapılmır. İçməli suya da ciddi ehtiyac var. Soyuq çadırlarda qripdən və sətəlcəmdən qızdırma içində yatan soydaşlarımızı gördük. Müalicə üçün qəbul etməyə dərman tapılmır. İslanmış çadırlarda rütubət və kif qoxusu var. Yağan güclü qar nəticəsində Vərzigan şəhərində məktəb tətil oldu. Ucqar kəndlərdə isə vəziyyət daha ağırdır. Şaxta insanın üzünü-əlini kəsir, qızınmağa yer də yoxdur. Yollar gündüzlər palçıqlı olur, gecələr isə buz bağlayır".
Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu "Unikal"a bildirdi ki, "Sözügedən zonada zəlzələ baş verən vaxtı da İran hökuməti oradakı soydaşlarımızın faciəsinə barmaqarası yanaşmışdı. Belə ki çox sayda insanın həlak olmasına baxmayaraq İran hökuməti lokal matəm günləri elan etdi. İran hökumətinin bu addımı tamamilə yanlış idi. Necə olur ki, Kərbəlada həlak olanların və yaxud da din yolunda nə vaxtsa başqa bir ölkədə həlak olanların xatirəsi İranda ümummilli matəm mərasimi kimi qeyd oluna bilir, ancaq öz ölkəsində yüzlərlə vətəndaşın ölümü ilə nəticələnən və çox böyük faciələrə səbəb olan təbii fəlakətlə bağlı ümummilli matəm elan edilmir? Demokratik ölkələrdə bəzən üç-beş nəfərin ölümü ümummilli matəm kimi qeyd olunur. Mənə elə gəlir ki, İran hökuməti bir növ ayrı-seçkilik eləyir və bu siyasət Cənubi Azərbaycanın ərazisində baş vermiş zəlzələyə və onun nəticələrinə münasibətdə də təzahür edir. Bunu yanlış bir addım hesab edirəm. Vətəndaşlara belə bir yanaşma İranın parçalanmasına aparan və İran cəmiyyətində qarşıdurmaya gətirib çıxardacaq bir addımdır. Orada yaşayan soydaşlarımız da artıq görürlər ki, İran hökumətinin onlara yanaşdığı tərzlə, tutaq ki, farslara yanaşdığı tərz eyni deyil. Əgər bu gün İran türklərinin başına gələn faciə bütün İran dövlətinin və bütün İran cəmiyyətinin faciəsi kimi qeyd və qəbul edilmirsə, o zaman İrandakı hansı birlikdən danışmaq olar? Niyə İranda yaşayan ərəblər, özbəklər, puştular oradakı soydaşlarımızın faciəsini, matəmini yaşamasın, həmdərd olmasınlar? "
Partiya sədrinin sözlərinə görə, "Tarixən belə olub ki, dinlə siyasət birləşəndə din həmişə uduzub və özünün ziddinə işləyən bir sistemə çevrilib. İndiki İranın nümunəsində də bunun konkret təzahürünü müşahidə edirik. Yəni İranda İslam adına təqdim edilən sayaqlamanın islam dininə dəxli yoxdur. Bu laqeydlik İrandakı soydaşlarımızın hökumətdən uzaqlaşmasına, yadlaşmasına səbəb olacaq. Çünki əgər İran hökumətinin özü vətəndaşlarına eyni gözlə baxmırsa, ölkədə ayrı-seçkilik salırsa, təbii ki, bu ölkənin vətəndaşları da hökumətdən soyuyacaqlar və ölkənin təməlləri sarsılacaq. Orada yaşayan azərbaycanlılar açıq şəkildə görməlidirlər ki, bu dövlət onların dövlətidir, amma qəribədir ki, fars məmurları bu addımları ilə deyirlər ki, İran dövləti İrandakı azərbaycanlılara yaddır. Bunun da nələrə aparıb çıxaracağını hamımız gözəl bilirik. Belə çıxır ki, İran dövlətinin ən böyük düşməni İsrail və ya Birləşmiş Ştatlar deyil, elə fars məmurlarıdır. Onların belə bir təfəkkürə malik olması bizə də xeyir edir. Hətta sevinməliyik ki, İranın başında duranlar bu qədər dar düşüncəyə malik insanlardır və onların özləri İranı dağıdırlar".
Adil
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27