Ətin bahalaşmasında Etibar Pirverdiyev izi
11:51 15-11-2012
CƏMİYYƏT
Ətin bahalaşmasında Etibar Pirverdiyev izi
"Azərenerji" şefinin ət biznesində də iri payı var imiş
Azərbaycan bazarlarında ətin qiymətinin birdən-birə kəskin qalxmasına artıq vərdişkarıq. Rəsmi və qeyri-rəsmi hesablamalar ötən ay da ətin bahalanan məhsullar sırasında olduğunu göstərir.
Hər dəfə də eyni ssenari təkrarlanır: hər ət bahalaşanda məsələ günlərcə müzakirə edilir, amma rəsmilərdən kimsə artımın konkret səbəbini açıqlamır. Bununla bağlı müxtəlif fərziyələr irəli sürülür. Amma qeyri-rəsmi mənbələr, KİV və ekspertlərin böyük əksəriyyətinin mövqeyi ortaqdır: yəni, ətin qiymətinin bahalaşmasında yenə də səbəb kimi inhisarçılar qəbul olunur.
Bu gün ölkədəki milyonlarla baş mal-qaranın çox böyük hissəsi, heyvandarlığın inkişafında mühüm şərt sayılan yaylaqların əksəriyyəti azsaylı bir dəstənin əlindədir. Və bu baxımdan ətin qiymətinin liberal bazar iqtisadiyyatının qaydalarına uyğun tənzimlənməsi çətin məsələdir.
Qısacası, ətin qiymətinin bahalaşmasında bəzi oliqarxların əli var və zaman-zaman onların kimliyi mətbuatda ciddi müzakirə mövzusudur. "Unikal"a daxil olan məlumatlarda isə ətin zaman-zaman kəskin bahalaşmasında payı olan iri məmurlardan biri də "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev. Çünki Pirverdiyevin ölkənin heyvandarlıq təsərrüfatında heç də az olmayan, əksinə kifayət qədər mühüm payı var.
Əldə etdiyimiz məlumatlarda deyilir ki, ümumiyyətlə, heyvandarlıq "Azərenerji" şefinin gəlir qaynaqları arasında önəmli yer tutur. Belə ki, Pirverdiyevin Kürsəngidə dəvə ferması var.
Bundan başqa, ölkənin şimal rayonları "Azərenerji" prezidenti üçün az qala "şəxsi ferma" rolunu oynamaqdadır. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Umbakıda, Xaçmazın Çarxı və Yusuboba kəndlərində də Etibar Pirverdiyevin fermaları mövcuddur. Mənbələr bildirirlər ki, həmin fermalarda əsasən qoyun, inək və camış saxlanılır.
Başqa bir qaynaqdan əldə etdiyimiz məlumata görə, Xaçmaz rayonunun daha bir kəndində - Yusubobada da "Azərenerji" prezidentinin iri heyvandarlıq təsərrüfatı var. Həmin məlumatda bildirilir ki, Pirverdiyevin haqqında danışılan fermasında baş energetik ancaq ətlik heyvanlar bəslətdirir.
Hətta iddia olunur ki, həmin fermada saxlanılan cins heyvanlardan çəkisinin ən az olanının 300-350 kiloqram əti var. "Azərenerji" prezidentinin heyvandarlıq təsərrüfatlarındakı ümumi heyvanların sayı isə minlərlədir. Bu təsərrüfatların saxlanılması üçünsə "Azərenerji" prezidentinin nəzarətində yüzlərlə hektar otlaq sahələri var.
Bizə verilən məlumatlardan belə görünür ki, baş energetikin ölkənin ət bazarındakı payı heç də heyvandarlıq təsərrüfatlarından ibarət deyil. Bildirilir ki, Etibar Pirverdiyevin Xaçmazda, Bakıda, Qubada, Sumqayıtda çoxsayda satış nöqtələri var, eyni zamanda onun təsərrüfatında istehsal olunan ətin bir hissəsi də baş energetikə və yaxınlarına aid restoranlara göndərilir. Ümumiyyətlə isə ət bazarındakı satışa "Azərenerji" prezidentinin nəzarət və himayəsindəki heyvandarlıq təsərrüfatlarının ciddi təsiri danılmaz hesa olunur.
Qeyd edək ki, bu gün Azərbaycanda ətin qiyməti qonşu ölkələrlə müqayisədə pik həddə çatıb. Hətta nəinki qonşu ölkələrdə eləcə də, bir sıra Avropa ölkələrində ətin qiyməti Azərbaycanla müqayisədə xeyli aşağıdır. Məsələn, qonşu Gürcüstanda qoyun ətinin maksimum qiyməti 5 manatdır. Böyük Britaniyada isə qoyun ətini uzağı 6 manata almaq olar. Azərbaycanda isə hazırda bu qiymət 8 manatdan yuxarıdır və bir çox hallarda 10 manatadək yüksəlir. Bir sözlə regionda ət məhsullarını ən baha qiymətə satan Azərbaycandır. Demək olar ki, artıq bizdə ətin qiyməti davamlı şəkildə rekord vurmağa öyrəncəlidir.
Yuxarıda da vurğuladığımız kimi, bizdə ətin qiymətinin artması süni şəkildə həyata keçirilir. Bahalaşma məhz Pirverdiyev kimi iri məmurların inhisarçı maraqlarının, daha çox gəlir ehtirasının təzahürü kimi ortaya çıxır.
Bəs bu nə qədər davam edəcək? Hələliksə bunu bilən yoxdur? Yəqin ki, Etibar Pirverdiyev kimi məmurların özlərindən başqa!
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44