Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Elvin Əliyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 52.263 qram heroin və 48.495 qram tiryək aşkar edilərək götürülüb. Dindirilmə zamanı E. Əliyev narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini etiraf edib.

Faktla bağlı Salyan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.