2020-ci il martın 1-də Bakı, Şirvan və Naxçıvan MR-nın ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanının birinci mərhələsinin nəticələrinin xüsusi proqram vasitəsilə onlayn yoxlanılma prosesi aparılır.
Dövlət İmtahan Mərkəzindən Unikal.org-a bildirilib ki, imtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.
Təhsil Nazirliyinin sifarişinə əsasən ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üzrə növbəti tədris ili üçün nəzərdə tutulan dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki layihələrinin elektron variantları ekspert qruplarına göndərilib və onların onlayn qaydada elmi-metodiki monitorinqinə də başlanılıb. Monitorinq nəticəsində hər bir dərslik komplekti üzrə məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından yekun rəylər hazırlanacaq.
Əlavə olaraq qeyd etmək istərdik ki, təxirə salınan imtahanlar, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.