“Qarabağ”dan qisas almaq kimi fikrimiz yoxdur.

"Unikal" xəbər verir ki, bu sözləri Bolqarıstanın “Ludoqorets” klubunun baş direktoru Anxel Petriçev UEFA Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqiblərindən biri olan “Qarabağ” barədə danışarkən deyib.

O, futbolda hər şeyin mümkün olduğunu bildirib: “İndi “Qarabağ”dan qisas almaq haqqında düşünsək, diqqətimiz yayınacaq. Belə fikirlər ağlımızdan keçmir. Hər şey keçmişdə qalıb. Bizi qarşıda vacib oyunlar gözləyir. Rəqiblərimizin kimliyindən asılı olmayaraq, bizim də öz hədəfimiz var. “Qarabağ”a qarşı xüsusi hisslərimiz yoxdur. Onlarla qarşılaşsaq, qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda evdə Şimali Makedoniyanın “Şkendiya”, “Ludoqorets” isə səfərdə Macarıstanın “Ferensvaroş” komandası ilə üz-üzə gələcək. Ağdam klubu ilk matçda rəqibinə qalib gəlib – 1:0. “Ferensvaroş” – “Ludoqorets” matçı isə qolsuz qolsuz heç-heçə ilə yekunlaşıb. Bu cütlərin qalibləri Çempionlar Liqasının, məğlubları isə Avropa Liqasının pley-off mərhələsində bir-birlərinə rəqib olacaqlar.

Əlavə edək ki, “Qarabağ” ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bakıda “Ludoqorets”ə 1:2 hesabı ilə uduzsa da, cavab matçında rəqibini darmadağın edərək (7:2) adını növbəti raunda yazdırmışdı.