Almaniyanın “Bayer” klubu niderlandlı baş məşqçi Erik ten Haq ilə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bu qərar Leverkuzen təmsilçisinin rəhbərliyinin tövsiyəsi əsasında klubun nəzarət orqanı olan səhmdarlar komitəsi tərəfindən qəbul edilib. Komandanın məşqlərinə müvəqqəti olaraq hazırkı məşqçi heyəti nəzarət edəcək.

Bu qərarın qəbul edilməsinə klubun yeni mövsümə uğursuz başlaması olub. Bundesliqanın builki mövsümündə iki turdan cəm 1 xal toplayan komanda inamsız çıxışı ilə azarkeşlərini və klub rəhbərliyini məyus edib. “Bayer” birinci turda öz meydanında “Hoffenhaym”a (1:2) uduzub, növbəti turda isə səfərdə “Verder”lə heç-heçə edib - 3:3.

Qeyd edək ki, niderlandlı mütəxəssis bu ilin mayında Leverkuzen təmsilçisinin baş məşqçisi vəzifəsinə gətirilib. Onunla 2027-ci ilədək qüvvədə olan müqavilə imzalanmışdı.

Erik ten Haq məşqçilik karyerasına 2012-ci ildə “Qo Ehed İqlz” klubunda başlayıb, 2013-2015-ci illərdə “Bavariya”nın II komandasına rəhbərlik edib. 2015-2017-ci illərdə “Utrext” klubunda uğurlu karyeradan sonra 2018-2022-ci illərdə “Ayaks” klubunun baş məşqçisi olub. Onun rəhbərliyi ilə “Ayaks” üç dəfə (2019, 2021, 2022) ölkə çempionu olub, xüsusilə 2018-2019-cu illər mövsümündə UEFA Çempionlar Liqasının yarımfinalına qədər irəliləyib. 2022-2024-cü illərdə “Mançester Yunayted” klubunu çalışdıran baş məşqçi iki il əvvəl bu komanda ilə İngiltərə Liqa Kubokuna sahib çıxıb.