"Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə biz Azərbaycan Prezidenti ilə sülh bəyannaməsi qəbul etdik. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlər haqqında Saziş paraflandı. Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh yarandı. Bu, tarixi dönüş nöqtəsidir ki, regiona böyük təsir göstərəcək".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT sammitinin ŞƏT+ formatında keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin qəbul etdiyi bəyannamədə müəyyən terminologiya razılaşdırılıb: "Dünən də, bu gün də sammitdə iştirak edən liderlər həm bizi, həm də Azərbaycanı bərqərar olmuş sülh münasibəti ilə təbrik etdilər və mən bütün təbriklərə görə sizə təşəkkür etmək istəyirəm.

Hazırda biz ölkələrimiz arasında ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri əsasında nəqliyyat kommunikasiyalarının açılması məsələsini müzakirə edirik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz əlaqəni, beynəlxalq və daxili rabitə baxımından Ermənistan Respublikası üçün qarşılıqlı üstünlükləri əhatə edəcək.

Xüsusilə qeyd etmək istərdim ki, Ermənistan və Azərbaycan liderlərinin qəbul etdikləri bəyannamədə də müəyyən terminologiya razılaşdırılıb. Və inanıram ki, bu aydınlaşdırılmış, razılaşdırılmış terminologiyadan istifadə konstruktiv atmosferə və gələcək işlərin həyata keçirilməsinə töhfə verəcək.

Bütün bunların nəticəsi olaraq, bu layihələrin həyata keçirilməsi sayəsində bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Respublikası əldə edilmiş razılaşmalara sadiqdir və biz onları mümkün qədər tez həyata keçirmək əzmindəyik.

Və bütün bunların nəticəsində nəinki Ermənistanla Azərbaycan arasında daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün kommunikasiya açılacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələr, o cümlədən bizim və Azərbaycanın yaxın qonşuları üçün yeni logistik imkanlar yaranacaq".

Ağarza Elçinoğlu