"1997-ci ildə Parisdə faciəvi şəkildə həlak olan Uels şahzadəsi Diana, Britaniya xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürülə bilər".
"Unikal" xəbər verir ki, bunu Britaniya kral ailəsi üzrə ekspert Tom Sayks iddia edib.
Onun sözlərinə görə, bu əməliyyat kral ailəsinin razılığı və ya xəbəri olmadan həyata keçirilmiş ola bilər.
31 avqust 1997-ci ildə baş verən qəza ilə bağlı rəsmi versiyalara görə, avtomobili idarə edən sürücü Anri Pol spirtli içki qəbul etdiyi üçün idarəetməni itirib və nəticədə qəza baş verib. Lakin ekspert bu versiyanı şübhə altına alaraq bir sıra şübhəli məqamlara diqqət çəkib. O, hadisə zamanı avtomobilin "Fiat Uno" markalı maşınla toqquşmasını xüsusi vurğulayıb. Sayksin fikrincə, həmin avtomobili idarə edən şəxs fotoqraf Ceyms Andenson yox, xüsusi xidmət orqanlarının əməkdaşı ola bilər.
Xatırladaq ki, hadisədən sonra Andenson intihar edib.
Ekspertin iddiasına görə, şahzadə Diananın öldürülməsinə səbəb onun yüksək dairələr üçün təhlükə yaratması olub. O, şahzadənin həm gözlənilməz davranışları, həm də bəzi gizli məlumatlara malik olması ilə Britaniya elitasını narahat etdiyini bildirib.
Bu iddialar iş adamı Məhəmməd əl-Fayedin açıqlamaları ilə də üst-üstə düşür. Qəza zamanı Diana ilə birgə avtomobildə olan Dodi əl-Fayedin atası daha əvvəl Britaniya kəşfiyyatı MI6-nı və kral ailəsini qəzanı təşkil etməkdə günahlandırmışdı.
Bununla belə, həm Britaniya, həm də Fransa tərəfindən aparılan rəsmi istintaqlarda şahzadə Diananın ölümü təsadüfi qəza kimi qiymətləndirilib.
Gülayə Mecid