ABŞ parçalanır?
14:38 16-11-2012
CƏMİYYƏT
ABŞ parçalanır?
Ərəstun Oruclu: "Amerika Birləşmiş Ştatlarının parçalanması bütün dünyada ciddi fəlakətlərə səbəb ola bilər"
Hazırda dünyanın bir nömrəli superdövləti sayılan Amerika Birləşmiş Ştatlarının bir dövlət kimi taleyi ciddi təhlükə ilə üzləşə bilər. Belə ki ABŞ seçkilərindən 1 həftə sonra, Obamanın səsvermədə qalib gəldiyi 7 ştatın sakinləri dövlət tərkibindən çıxmaq üçün hökümətə petisiya ünvanlayıb. Bir qayda olara əksər seçkilərdə respublikaçılar partiyasından olan namizədlərə səs verən Texas, Luiziana, Cənubi Karolina, Alabama, Corciya, Tenessi və Florida ştatlarında, müraciətə baxılması üçün yetərli olan 25 min-dən çox imza toplanıb.
Təkcə mühafizəkarların mərkəzləşdiyi Texasda, ştatın müstəqil dövlətə çevrilməsini 100 mindən çox insan öz imzası ilə təsdiq edib. Qeyd edək ki, Texas ştatı 1846-cı ildə Birləşmiş Ştatlara müstəqil dövlət kimi daxil olub və ştatın istənilən vaxt ABŞ tərkibinə tərk etmə hüququ var.
Xatırladaq ki, sonuncu dəfə ABŞ-dan 11 ştat 1860-1861-ci illərdə ayrılıb. Onlar Avraam Linkolnun prezident seçilməsinə qarşı çıxıb və müstəqil konfederasiya yaradıb. Ardınca isə ABŞ-ın cənub və şimali arasında vətəndaş müharibəsi yaranıb və yalnız 1865-ci ildə dövlətin ərazi bütövlüyü bərpa olunub.
Birləşmiş Ştatların gələcəkdə ayrı-ayrı dövlətlərə bölünə biləcəyi barədə dəfələrlə müxtəlif politoloqlar və hətta ekstrasenslər də məlumat vermişdilər. Bu proqnozlara görə Birləşmiş Ştatların parçalanması XXI əsrin birinci yarısına təsadüf etməliydi. Deyəsən, bu proqnozların müəllifləri olan həm politoloqlar, həm də ekstrasenslərin öncədemələrində müəyyən qədər həqiqət payı varmış... Necə deyərlər, proqnozların "səsi gəlməyə" başlayıb.
Politoloq Ərəstun Oruclunun sözlərinə, "İndiki situasiyada Birləşmiş Ştatların ayrı-ayrı dövlətlərə parçalanması perspektivi mənə olduqca şübhəli görünür və belə bir prosesin baş verə biləcəyi hətta nəzəri cəhətdən də mümkün deyil. Təsəvvür edin ki, sözügedən ştatlar Birləşmiş Ştatların onlara verdiyi səlahiyyətdən istifadə edərək müstəqillik qazanıb. Bu zaman onların iqtisadi, siyasi durumu necə olacaq? Bölüşdürülmüş dünyada hansı güclərin yanında yer alacaqlar? Məqsədləri və məramları nələr olacaq? Göründüyü kimi, bu suallar heç də asan suallar deyil. Və ümumiyyətlə, Birləşmiş Ştatların tərkibindən çıxmaq bu ştatların nəyinə lazımdır? Bu onlara nə verəcək? İqtisadi baxımdan dünyanın ən zəngin dövlətinin tərkibindən çıxaraq zəif bir dövlətə çevrilmək, doğrudanmı, bu qədər perspektivli bir işdir?"
Politoloq hesab edir ki, "Bu ştatlar müstəqillik qazanmaq istəsələr, təbii ki, federal hökumət bu ərazilərdəki əsas hərbi obyektlərini də buralardan çıxartmalı olacaq. Nəticədə bu ştatlar hərbi baxımdan müdafiəsiz durumda qalmalı olacaqlar. Ayrılma halında biznes və sənaye strukturları da iflasa uğrayacaq. Buna görə də hesab etmirəm ki, yeddi ştatın Amerikanın tərkibindən çıxmaq barədə jestləri ciddi iddialar olsun. Ola bilər ki, onlar Birləşmiş Ştatlarda təzəcə başa çatmış prezident seçkilərinin nəticələrindən narazıdırlar və narazılıqlarını məhz bu cür sərt formada ifadə edirlər. Və yaxud federal hökumətdən nəsə tələb etmək istəyirlər və tələblərini bu iddialar altında pərdələyirlər. Yəni bu məqamda istənilən ehtimallı irəli sürmək mümkündür, təkcə ayrılmaq iddiasının reallığından başqa. Mənə elə gəlir ki, ayrılma ideyası gerçəkləşmək baxımından elə bu başdan uğursuzluğa məhkumdur. Əvvəllər də bir sıra ştatlar ayrılmaq istiqamətində cəhdlər nümayiş etdiriblər. Amma bu cəhdlərin hamısı məğlubiyyətlə başa çatıb. Dünyanın istənilən nöqtəsində öz maraqlarını həyata keçirə bilən Birləşmiş Ştatların əlində mərkəzdənqaçma meyllərini önləmək üçün istənilən qədər vasitələr mövcuddur. Ona görə də hesab edirəm ki, 7 ştatın ayrılacağı barədə məlumatlar, sadəcə, gündəmin adi bir yeniliyi olaraq qalacaq".
Politoloqun fikrincə, "Bunu da hökmən qeyd etməliyəm ki, hazırda dünyada elə bir geopolitik situasiya biçimlənib ki, Amerika Birləşmiş Ştatlarının parçalanması bütün dünyada ciddi fəlakətlərə səbəb ola bilər. Etiraf edilməlidir ki, Birləşmiş Ştatların İraq müharibəsini başlamaq, Əfqanıstanda uzunmüddətli ekspansiya siyasəti yürütmək və s kimi ciddi səhvlərinə baxmayaraq bu dövlət planetdə stabillyin qorunmasında həlledici rol oynayır və bir növ qlobal təhlükəsizliyin qarantı kimi çıxış edir. ABŞ bu rolunu itirsə, dünya üç gücün arasında yenidən bölünməli olacaq: Çin, Rusiya və Avropa Birliyi. Bu bölünmə prosesi isə çoxlu qlobal silkələnmələrə gətirib çıxardacaq qədər təhlükəli tendensiyalarla zəngin olacaq".
Natiq
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27