Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi müddətində Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən şəhər sakini Emil Cavadzadənin sənədləri yoxlanılarkən onun rejim qaydalarını pozaraq icazəsiz çölə çıxdığı müəyyən edilib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən Emil Cavadzadənin narkotik vasitə daşımasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı E.Cavadzadədən 1 ədəd sellofan torbada ümumi çəkisi 350 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.