Ölkəmizdə koronavirusla (COVID-19) əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbindən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təhsil distant (məsafədən) formada həyata keçirilir.
Unikal.org xəbər verir ki, tədrisin məsafədən təşkilində başlıca məqsəd məlum səbəbdən yaranan fasilə kəsimində tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, təhsil proqramının mənimsənilməsində lazımı şəraitin yaradılması ilə bərabər, vaxtdan səmərəli istifadənin təşkil olunmasıdır.
Tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il martın 18-də Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkili ilə bağlı “Microsoft Teams” platformasından istifadəni tövsiyə edib.
Azərbaycan Turizm və Menecment Universitetində də (ATMU) tədris prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən “Microsoft Teams” platforması vasitəsilə həyata keçirilir. Universitetin akademik və tələbə heyəti “Microsoft Teams”in çoxfunksiyonallığından istifadə etməyi ilə bağlı vidoe təlimatlar hazırlanıb. Ali təhsil müəssisəsinin 1800-ə yaxın aktiv istifadəçinin yararlandığı platformada bu günədək ümumilikdə 2871 istifadəçinin iştirakı ilə 1221 video görüş baş tutub.
Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən Universitetin fakultələrindən, informasiya texnolgiyaları, Tədris metodiki və Keyfiyyətin təminatı və akkreditasiya şöbəsinin əməkdaşlarından ibarət işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin əksəriyyətinin videoqeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirələri yenidən izləmək imkanı yaradır.