İnternetdə yeni dələduzluq üsulu ortaya çıxıb.

Bu barədə Unikal.org-a  şəhər sakini Müzəffər İsmayılov məlumat verib.  M. İsmayılov bildirib ki, internetə daxil olarkən "KATV1" provayderindən ona 100 nəfər arasından təsadüfi olaraq seçildiyi ilə bağlı mesaj gəlib. Bir neçə suala cavab verməklə istifadəçiyə "iPhone X" və "Samsung S10" markalı telefonları qazanmaq şansı vəd olunub.

Suallar cavablandırıldıqdan sonra isə çatdırılma haqqının ödənilməsi üçün şəxsi bank kartı məlumatları tələb olunur. Məlumatları daxil etdikdən sonra isə insanlardan davamlı olaraq müəyyən miqdarda vəsait çıxılır.

Şikayətçi Müzəffər İsmayılov onu da qeyd edib ki, o məsələ ilə bağlı "KATV1" şirkətinin müştəri xidmətləri ilə əlaqə saxlayıb. Şirkət tərəfindən verilən açıqlamada bunun dələduzluq cəhdi olduğu bildirilib. Həmçinin internet istifadəçilərinə belə dələduzların toruna düşməməkləri ilə bağlı xəbərdarlıq olunub.

Murad İbrahimov