Son 24 saat ərzində İranda koronavirusa 1030 nəfər yoluxub, 90 nəfər isə həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. O bildirib ki, yoluxma və ölüm hallarında azalma qeydə alınıb. Ümumilikdə İranda koronavirusa yoluxanların sayı 87 min 26 nəfərə, ölənlərin sayı isə 5 min 481 nəfərə çatıb.

İranın Səhiyyə naziri Səid Nəmaki Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus ilə videogörüşündə İranda yoluxma hallarının 53 faiz azaldığını bildirib, bunu hökumətin həyata keçirdiyi tədbirlərin nəticəsi adlandırıb. Nazir diqqətə çatdırıb ki, sanksiyalar İranın virusa qarşı mübarizəsini çətinləşdirir. Ölkə tibbi preparatlar ala bilmir. ÜST-nin baş direktoru İran hökumətinə virusla apardığı fəal mübarizəyə görə təşəkkür edib.

İranın yeni texnologiyalarla tibbi ləvazimat istehsal edən şirkətinin rəhbəri Əhməd Müəqəddim bildirib ki, Avropa ölkələri onun şirkətinin istehsal etdiyi süni nəfəs aparatlarını (SNA) almaq istəyində olduqlarını bildiriblər. Artıq Rusiyadan, İtaliyadan və İspaniyadan İrandan SNA almaq üçün sorğular daxil olub.

Şirkət rəhbəri nəzərə çatdırıb ki, İranda istehsal olunan SNA yeni texnologiyalara əsaslanaraq hazırlandığı üçün Avropa və ABŞ-da istehsal olunan SNA-dan ucuz başa gəlir.