Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Səncərədi kənd sakini Çingiz Eyvazov bir bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. 

Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi daha bir büküm heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə Ç.Eyvazovun narkotik vasitəni Astara şəhər sakini Elnur Mirzəyevdən aldığı müəyyən edilib və həmin şəxs saxlanılıb. E. Mirzəyevdən satış məqsədilə üzərində gəzdirdiyi 1 büküm psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə rayonun Ərçivan qəsəbəsinin sakini Sərxan Cəfərov bir büküm psixatrop maddə olan metamfetamini satdıqdan sonra saxlanılıb və üzərinə keçirilən şəxsi axtarış zamanı ondan daha bir büküm metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.