Bakıda əcnəbi sahibkarı qarət etməkdə təqsirləndirilən Hafiz Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Ülviyyə Şükürovanın icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında paytaxtın Səbail rayonu ərazisində baş verib.

H.Z.Tağıyev küçəsi, ev 18, mənzil 9-da yerləşən "Park Tarqoviy" hostelini icarə əsasında işlədən sahibkar, Pakistan vətəndaşı, 1975-ci il təvəllüdlü Ali Waqar Basherat ərizə ilə polisə müraciət edərək bildirib ki, gecə saatlarında həmin hostelə tanımadığı 4 nəfər yer üçün müraciət edib.

Söhbət zamanı həmin şəxslərdən biri Ali Waqar Basheratdan içmək üçün su istəyib.

Sahibkar onlara su vermək üçün hostelin mətbəxinə keçərkən həmin şəxslər ona məxsus, içərisində 3000 dollar olan çantanı götürüb hadisə yerindən uzaqlaşıblar.

Ali Waqar Basherat həmin şəxslərdən birini yaxalayaraq polisə təhvil vermək istəyərkən həmin şəxs sahibkarın əlini dişləyərək qaçıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərdən birinin Şamaxı rayın sakini, 1993-cü il təvəllüdlü Əsgərov Hafiz Habil oğlu olduğu müəyyənləşərək saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 180.1-ci (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə ittiham verilib.