Lənkəran Şəhər İcra Hakimiyyəti İcra başçısının müavini haqqında yayılan məlumatlara rəsmi münasibət bildirilib.
İH-dən Unikal.org-a verilən məlumata görə, bəzi saytlar tərəfindən sosial şəbəkələrdə Lənkəran ŞİH başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı barədə yayılan faktlarla bağlı bildiririk ki, qeyd olunanlar tamamilə yalan və heç bir əsas olmadan sensasiya yaratmaq xatirinə uydurulmuş iddialardır.
Əvvəllər də sosial şəbəkələrdə dəfələrlə Rasilə Arifqızının Bakı və Lənkəran şəhərlərində mənzilləri, villaları, oteli, torpaq sahələri olması və s. barədə böhtan xarakterli məlumatların yayımına cəhdlər olunmuş, lakin onların heç biri təsdiqini tapmadığından təkzib olunmuşdur.
Bir daha bildiririk ki, Lənkəran şəhərinin Qala xiyabanı 5 ünvanda yerləşən beşmərtəbəli yaşayış binasındakı 2 otaqlı mənzildən başqa Rasilə Arifqızının şəxsi mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur.
Həmin mənzil də uzun illər öncə hələ İcra hakimiyyətində işə qəbul olunmamışdan çox-çox əvvəl Arifqızının mərhum atası tərəfindən alınıb ona bağışlanaraq adına sənədləşdirilmişdir.
Bu 2 otaqlı mənzildən başqa Rasilə Arifqızının adına saytda göstərilən kimi hansısa daşınmaz əmlakın olması barədə sənəd təqdim edən istənilən şəxsə həmin əmlak tam təmənnasız olaraq sahibi tərəfindən hədiyyə edilə bilər.
Yuxarıda qeyd olunanları nəzərə alıb bildirmək istəyirik ki, gələcəkdə belə saxta informasiyaları dəqiqləşdirmədən yayıb nüfuzlarına xələl gətirməmək üçün saytların rəhbərləri bu məlumatları qarşı tərəfin fikrini qabaqcadan öyrənməklə dəqiqləşdirmələri məsələyə daha ədalətli yanaşma kimi təqdirəlayiq olar.