Qax Damazlıq İpəkçilik Stansiyasında 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının (qrena) kümçülərə paylanması mərasimi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Qax rayon İcra Hakimiyyətinin nümayəndələri, 8 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərləri iştirak ediblər.

Unikal.org-un xəbərinə görə, Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı nazirliyin qarşısına mühüm tapşırıqlar qoyulub: “Keçən ildən fərqli olaraq bu il ilk dəfə Qax Damazlıq İpəkçilik Stansiyasında 5 min qutu ipəkqurdu toxumu (146 kq) istehsal olunub. Gələn ildən yerli istehsal olan ipəkqurdu toxumlarının  istehsalının artırılması nəzərdə tutulur. Ötən ildən fərqli olaraq bu il kümçülərimizin də sayı artıb. Belə ki, cari ildə ipəkqurdu toxumları respublikanın 40 rayonunda 6000 kümçüyə bölgü əsasında əvəzsiz olaraq paylanılacaq. Eyni zamanda, bu il ərzində məhsuldarlığın yüksəldilməsi, yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə kümçülərə, eləcə də barama istehsalı ilə məşğul olan 40 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarına təlim keçirilib. Bundan başqa, xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin baytarlıq idarələri tərəfindən baramaçılıqla məşğul olan təsərrüfatların ipəkqurdunun saxlama yerlərində- kümxanalarda dezinfeksiya tədbirləri aparılıb. Hesab edirik ki, dövlətimiz tərəfindən ipəkçiliyin və baramaçılığın inkişafı məqsədilə həyata keçirilən dəstək və təşviq tədbirləri, həmçinin görülmüş işlər nəticəsində bu il məhsuldarlıq yüksək olacaq”.

Hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanılması prosesinin may ayının birinci on günlüyünə qədər başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, builki mövsümdə hər birində 50 qutu olmaqla Beyləqan və Samux rayonlarında ilk dəfə barama yetişdiriləcək.

Xatırladaq ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Belə ki, “Azərİpək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov Qax və Şəki rayonlarında taxıl və tütün sahələri, tütünqurutma kameraları, meyvə bağlarına baxış keçirib. “Azəraqrar İstehsalat və Emal Birliyi” MMC-nin Şəki rayonunda “Daşüz” camışçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.