2019-cu il iyunun 10-da Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Elmi Cərrahiyyə Mərkəzinin həyətində dəhşətli qətl baş verib.
Unikal.org BAKU.TV-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə mərkəzin qeydiyyat şöbəsində işləyən 41 yaşlı Xavər İbrahimovanın yanına səhər saatlarında həyat yoldaşı gəlib və bu səbəbdən qadın onunla söhbət etmək üçün həyətə çıxıb.
Təxminən 5-10 dəqiqədən sonra isə ağır cinayət törədilib. Hadisədən sonra həmin şəxs ərazidən uzaqlaşıb, lakin mühafizəçi onu təqib edib və Yeni Yasamal, 1 ünvanında rastına çıxan polis əməkdaşına yaxınlaşıb və hadisə barədə məlumat verib.
Polis əməkdaşı kəsici aləti müqavimətsiz ondan alıb və sonra birlikdə 29-cu polis şöbəsinə gediblər.
İstintaqla müəyyən edilib ki, Faiq İbrahimov 2011-ci ildən qeyri-rəsmi nikahda olduğu Xavər İbrahimova ilə iyunun 7-də telefonla əlaqə saxlayaraq, mübahisə edib. Qadını öldürmək qərarına gələn İbrahimov Elmi Cərrahiyyə Mərkəzinə yollanıb.
Mərkəzin həyətində aralarında olan söhbət zamanı Xavərdən ona xəyanət edib etmədiyini soruşduqda sonuncu bunu etiraf edib. Faiq İbrahimov çantasından çıxardığı bıçaqla Xavər İbrahimovaya xəsarətlər yetirdikdən sonra, qadın yerə yıxılıb. Yalvarışlarına baxmayaraq boynundan tutub və onun boğaz nahiyəsini kəsib.