Xəbər verdiyimiz kimi, biraz əvvəl Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Milli Məclisdə səsverməyə qoyularaq Azərbaycan yeni Baş prokuroru vəzifəsinə seçilib.
Unikal.org yeni Baş prokurorun tərcümeyi halını oxuculara təqdim edir.
"Əliyev Kamran Bayram oğlu 1965-ci ilin noyabr ayının 18-də Balakən rayonunda anadan olub. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilib.
Daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib.
1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili almış, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildə həmin İnstitutda disertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb.
Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur.
İngilis və rus dillərini sərbəst bilir. Ailəlidir, iki övladı var."