“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda həmin sahələr üzrə xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar evdən çıxmaqla bağlı məhdudiyyət qüvvədə olduğundan SMS icazə sistemindən istifadə etməlidirlər”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev bildirib.
E.Niftəliyev deyib ki, vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün 2-ci kod üzrə icazə ala bilərlər: "Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir. Vətəndaşlar icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər".