Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə yumşaldıcı Tədbirlər Planının rayonda icra vəziyyəti ilə əlaqədar Nərimanov rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu gün onlayn müşavirə keçirilmişdir.

Unikal.org xəbər verir ki, onlayn müşavirədə rayon icra hakimiyyətinin müavinləri, rayon Gigiyena və Epidemologiya Mərkəzinin rəisi, rayon Bələdiyyəsinin sədri, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayon Gənclər və İdman İdarəsinin rəisi iştirak etmişlər.

Hər bir iclas iştirakçısı öz sahəsi üzrə görülən işlərlə bağlı ətraflı hesabat vermişdir. Karantin dövründə Nazirlər Kabineti yanında Operativ qərargahın verdiyi tələb və tövsiyyələrin hal-hazırki icra vəziyyəti geniş müzakirə edilmiş, qarşıda görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qulluqçuları ilə bağlı irad və tapşırıqları iclas iştirakçılarına bir daha çatdırılmış, bu tapşırıqları iş fəaliyyətində əsas tutmaq tapşırılmışdır. Həmçinin Abdin Fərzəliyev imkansız ailələrə verilən ərzaq paylarının vətəndaşlara çatdırılmasında şəffaflığın pozulmamasını bir daha tapşıraraq rayon ərazisində gündəlik olaraq görülən dezinfeksiya işlərinin daha da gücləndirilməsi tapşırığını vermişdir. Təsdiq edilmiş yumşaldıcı tədbirlər fonunda əhali ilə sosial izolyasiya və şəxsi gigiyena haqda söhbətlərin aparılmasının, bu yumşaldıcı tədbirlərin əks nəticə verməməsi üçün maarifləndirici tədirlərin gücləndirilməsinin vacibliyi qeyd edilmiş və bu istiqamətdə işlərin gücləndirilməsi tapşırılmışdır. Bundan əlavə karantin rejimi dövründə rayon gənclərinin könüllü olaraq yardımların paylanılmasında, əhali ilə maarifləndirici tədbirlərin həyata keçirilməsində, evdən çıxması qadağan olunan tənha yaşlı insanlara göstərdikləri köməkliklər xüsusi vurğulanmış, dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətinin  nəticəsi olaraq onlarda vətənpərvərlik hissinin və ruh yüksəkliyini  getdikcə artdığı qeyd edilmişdir. 
 
Həmçinin Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən bu həssas dövrdə ehtiyac olmadığı təqdirdə evdə qalmalarını, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələrini, həmçinin sakinlərdən yaranmış hər hansı bir probləmlə bağlı 1643 qaynar xəttinə müraciət etmələrini xahiş edir.