Bakıda kirayə mənzillərdə qalan əksər tələbələr hazırda mövcud vəziyyətlə əlaqədar rayonlardadır. Amma yaşamasalar belə, paytaxtda kirayə qaldığı mənzilin pulunu ödəyirlər. Daha doğrusu, ödəməyə məcburdular. Əks halda, mənzil sahibi evdəki əşyalarını çıxarmağı tələb edir. Bunu edə bilməyən tələbə isə qalmadığı evin kirayə pulunu aylardır, ödəməkdədir.

Unikal.org xəbər verir ki, bu barədə mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

“Hazırda karantin tədbirləri ilə əlaqədar dərslərə ara verildiyinə görə Qubadayam və Qubada olduğum müddətdə də kirayə pulunu ödəmişəm ki, evi başqa adama kirayə verməsinlər. Hələ də bilinmir ki, bu karantin tədbirləri nə vaxta qədər davam edəcək. İstərdim ki, biz tələbələrə bu barədə müəyyən güzəştlər edilsin”, - deyə Ələkbər Quliyev adlı tələbə bildirib. 

Makler isə etiraf edib ki, evlərin qiyməti bahadır: "Heç düşünmürlər, güzəşt edən də yoxdur. Tələbədir, heç kim güzəşt etmir. Deyir otağımı məşğul etmisən, pulunu verməlisən. Evlərin də qiyməti 450-500-600 manat civarındadır”.

Mənzil sahibləri isə güzəştə getmək istəmirlər. Bu da son dövrlər kirayə mənzillərə tələbin artması ilə əlaqələndirilir.

“Bəzi şəxslərin mövcud maliyə imkanları bu dövrdə boş saxladıqları mənzillərin kirayə haqlarını ödəməyə imkan versə də, əksəriyyətində belə deyil. Əksər hallarda kirayə verən şəxslər yenidən həmin mənzili təklifə çıxarır, bazara çıxarır. Bu halda təklif artır”, - deyə Əmlak eksperti Ramil Osmanlı qeyd edib.