Qazaxıstan sərhədçiləri tərəfindən öldürülmüş Azərbaycan vətəndaşının meyiti ailəsinə təhvil verilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, 6 may 2020-ci il tarixdə Xəzər dənizinin mərkəzi istiqamə­tində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmisi tərəfindən 30 aprel 2020-ci il tarixdə  Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edilib.

Meyit həmin gün mərhumun ailəsinə təhvil verilib.

Qeyd edək ki, 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.