Azərbaycan ali təhsil müəssisələri içərisində ilk dəfə istisnasız olaraq bütün fənlərin onlayn tədrisini təmin edən Dövlət Gömrük Komitəsinin Akademiyasında onlayn təhsil prosesində biliklərin qiymətləndirilməsi qaydaları ilə bağlı müzakirələr yekunlaşıb.
Unikal.org xəbər verir ki, bu məqsədlə akademiya rəisinin təşəbbüsü ilə beynəlxalq təcrübə də öyrənilərək, onlayn təhsil prosesində biliklərin qiymətləndirilməsi, semestrdaxili və aralıq imtahanların təşkili ilə bağlı müvafiq strukturlar tərəfindən müxtəlif variantlar hazırlanıb. Bu variantlar geniş müzakirə edilib, Akademiyanın malik olduğu təhsilin elektron idarəetmə sisteminin verdiyi imkanlar, Akademiyanın keyfiyyət standartları və digər vacib məqamlar nəzərə alınaraq biliyin qiymətləndirilməsi ilə bağlı xüsusi qaydalar qəbul olunub.
Dövlət Gömrük Komitəsinin struktur bölmələrində 14 həftəlik istehsalat təcrübəsinə göndərilmiş 4-cü kurs tələbələrinin hesabatlarının və buraxılış işlərinin müdafiəsinin istər onlayn, istərsə də ənənəvi rejimdə təşkili üçün konkret tədbirlər planı işlənib hazırlanıb. Qəbul edilmiş qərarlarla bağlı onlayn müzakirələr yolu ilə müəllim və tələbə heyəti məlumatlandırılıb.
Eyni zamanda, onlayn təhsil prosesində biliklərin qiymətləndirilməsi, eləcə də 4-cü kurs tələbələrinin təcrübələrinin davam etdirilməsi, təcrübə hesabatlarının və buraxılış işlərinin müdafiəsi qaydaları ilə bağlı təkliflər Akademiya tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə də təqdim edilib.