Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə “Qarayara xəstəliyi ilə mübarizədə profilaktik tədbirlər” haqqındadır.
Unikal.org xəbər verir ki, qarayara kəskin zoonoz xəstəliklərdəndir. Tibdə daha çox "Sibir xorası" adı ilə tanınır. Qarayara bütün növ kənd təsərrüfatı və vəhşi heyvanların, həmçinin insanların xüsusi təhlükəli xəstəliyidir. Əksər hallarda ölümlə nəticələnir.
Xəstəlik heyvanın ağız, burun və anus dəliyindən qanlı köpük axması, qanının laxtalanmaması, qısa müddətdə ölməsi, cəsədinin şişməsi şəklində özünü büruzə verir. Heyvanlarda xəstəliyə xas simptomlar aşkar edildikdə dərhal onu təcrid edib, baytar mütəxəssisə məlumat verilməlidir. Qarayaraya şübhəli heyvan leşi uyğun şəkildə basdırılmalıdır və cəsədin yarılması yolverilməzdir.
Mal-qaranı qarayaradan qorumaq üçün təsərrüfatda baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunmalıdır. Yeni heyvan aldıqda karantində saxlanmalıdır. Qarayara xəstəliyinin yayılmasının qarşısının alınması, profilaktikası məqsədilə peyvəndləmə aparılması şərtdir. Qarayara xəstəliyinə tutulmuş heyvanın əti və südü bu infeksiyanı rahatlıqla daşıyır. Bazarlarda, küçələrdə açıq satılan, heç bir nəzarət olmadan, evlərdə kustar üsulla hazırlanmış, kəndlərdən birbaşa satışa çıxarılan süd və süd məhsulları, ət süfrəmizə təəssüf ki, yol tapa bilir. Sağlamlığımızı qorumaq üçün bu məsələlərə həssas yanaşmalıyıq və heyvanları peyvəndlənmədən yayındırmamalıyıq. Xatırladaq ki, qarayaraya qarşı peyvəndləmə dövlət tərəfindən pulsuz olaraq aparılır.
İnsanlar qarayaraya təkcə xəstə heyvanın ət və südündən, eləcə də südündən emal olunmuş məhsullardan istifadə etməklə, xəstə mal-qara və ya onun məhsulu (yun) ilə təmasda olmaqla deyil, həm də qansoran həşəratların dişləməsi ilə də yoluxa bilərlər. Qarayara sporları ilə çirklənmiş torpaqla təmas da təhlükəlidir.
İnsanlarda xəstəliyin əsas əlamətləri əllərdə və bədənin digər nahiyələrində nekrozlu sahələrin (karbunkullar) əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və s. ilə müşahidə olunur. Xəstəliyin qarşısını vaxtında almaq gərəkdir. Qarayaraya yoluxma şübhəniz yarandıqda dərhal həkimə müraciət edilməlidir. Yaraya toxunmamaq lazımdır, müdaxilə infeksiyanın yayılmasına səbəb ola bilər.
Bu təhlükəli infeksiyadan qorunmaq üçün heyvanlara qulluq etdikdə gigiyena qaydalarına mütləq əməl olunmalıdır. Ət və süd məhsulları çiy, yarıbişmiş şəkildə istifadə edilməməlidir. Xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaqdır. Heyvan kəsimi baytar mütəxəssisin nəzarəti ilə həyata keçirilməlidir. Eyni zamanda, çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəzlərlə təması olmamalıdır. Qeyd edək ki, heyvanların peyvəndlənməsindən sonra gözləmə müddətinə əməl olunması vacibdir.