Xırdalan şəhərinin Heydər Əliyev prospektindəki yaşıllıq zolağında naməlum şəxslər tərəfindən ağac kəsilib. Bununla bağlı Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova məlumat verilən kimi rayonun hüquq-mühafizə orqanları ilə birlikdə dərhal əraziyə baxış keçirib.
Unikal.org xəbər verir ki, baxış zamanı 8 ədəd (sərv və şam ağacları) ağacın qəsdən və məqsədli şəkildə kəsilmiş halda yerdə saxlanıldığı müəyyən olunub. Rayon başçısı tərəfindən kəsilən ağacların yerinə eyni ağacların əkilməsi ilə bağlı müvafiq tapşırıq verilib. Eyni zamanda hadisə ilə bağlı rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi və Ekologiya Təbii Sərvətlər şöbəsinə müraciət olunub. Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.