Dövlət Gömrük Komitəsində biznes mühitinin əlverişliliyinin daha da artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə “Xarici ticarətin aparılması” indikatoru üzrə icra olunmalı tədbirlərə dair onlayn iclas keçirilib.
Unikal.org xəbər verir ki, iclasda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və müvafiq idarələrin rəisləri iştirak ediblər.
DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə makroiqtisadi sabitlik əldə olunub, iqtisadi dayanıqlıq təmin edilib. Son illər bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan uğurlu islahatlar əlverişli biznes mühitinin yaradılması, beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasına şərait yaradıb.
İsmayıl Hüseynov qeyd edib ki, bütün dünyada koronavirus pandemiyası iqtisadiyyata təsirsiz ötüşməyib. Koronavirusun təsiri ticarət dövriyyəsində azalmalara da səbəb olub. Buna baxmayaraq, Prezident İlham Əliyevin yeni vəziyyətə çevik və adekvat reaksiyası nəticəsində, pandemiyanın ölkəmizə vura biləcəyi zərərlər minimuma endirilib, qabaqlayıcı tədbirlər görülüb. Məhz belə addımlar sayəsində bu gün Azərbaycan pandemiya ilə mübarizədə daha az zərərlə üzləşən ölkə kimi qəbul edilir.
Komitə sədrinin birinci müavini onu da qeyd edib ki, koronavirusla əlaqədar ölkəmizin bütün sərhədlərində sərnişinlərin və yüngül minik nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulsa da, idxal-ixrac əməliyyatları və tranzit yükdaşımaları maneəsiz həyata keçirilir. Pandemiyaya qarşı mübarizədə fədakarlıq göstərən gömrük əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər.
Sonra biznes mühitinin əlverişliliyinin daha da artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə “Xarici ticarətin aparılması” indikatoru üzrə icra olunmalı tədbirlərdən bəhs edən İsmayıl Hüseynov "Yaşıl dəhliz" buraxılış sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi barədə fikirlərini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra qeyd olunub ki, aşağı risk qrupu və sadələşdirilmiş buraxılış qaydalarına əsasən ixrac və idxal üzrə sərhəd-keçid vaxtının azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi həm gömrük orqanları, həm də biznes subyektləri üçün vaxt və vəsaitə qənaət baxımından əlverişli imkanlar yaradacaq.
İclasda idxal-ixrac əməliyyatları üzrə sənədləşməyə dair xərclərin və vaxtın optimallaşdırılması istiqamətində müvafiq işlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub, qanunvericilik və inzibatçılıq qaydaları barədə sahibkarların təlimlərə, o cümlədən onlayn treninqlərə cəlb edilməsi məsələlərinin intensivləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.
İclasda, həmçinin gömrük təmsilçiliyi institutunun formalaşdırılması, gömrük təmsilçilərinin peşə biliklərinin artırılması istiqamətlərində görülən işlər barədə də müzakirələr aparılıb. Eyni zamanda, “Xarici ticarətin aparılması” indikatoru üzrə icra olunmalı tədbirlərdən ən əsası -broker xidmətləri xərclərinin optimallaşdırılması məsələləri də müzakirə olunub və Komitənin aidiyyəti qurumlarına gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirən şirkətlərlə bu istiqamətdə iş aparılmasına dair tapşırıqlar verilib.