Ölkədə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə martın 31-dən fəaliyyətini dayandıran Bakı Metropoliteni 9 may 2020-ci il saat 06.00-dan etibarən yenidən bərpa edilib.
Unikal.org-un məlumatına görə, Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirməlidir.
Eyni zamanda metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.
Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir. Vaqonların oturacağında isə məsafə ilə oturmaq tələb olunur.