“Böyük Vətən Müharibəsində 700 mindən çox oğul və qızının iştirak etdiyi Azərbaycan xalqı faşizm üzərində Qələbənin əldə edilməsində böyük töhfə verib”

Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Əliabbas Salahzadə bildirib.O, qeyd edib ki, faşizm üzərində qələbədə Bakı nefti böyük rol oynayıb:

“Qısa müddətdə Avropanın işğalını başa vuran Hitler Almaniyası 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi. Bununla da həmin dövrdə SSRİ-nin tərkibində olan Azərbaycan da dünya müharibəsinə qoşuldu.

Alman komandanlığının planında Bakının neftinə xüsusi yeri vardı. Çünki Bakı və Cənubi Qafqaz Sovet İttifaqı iqtisadiyyatının əsas neft mənbəyi idi. SSRİ neftinin 80 faizi Azərbaycanda çıxarılırdı. Buna görə də almanların Qafqaz uğrundakı döyüşlərdə əsas hədəfi Bakını işğal etmək, bununla da onun neft-qaz sənayesini nəzarətə götürmək idi. Lakin almanların bu arzusu reallaşmadı. Bütün imkanlarını səfərbər edən sovet ittifaqı böyük itkilər hesabına da olsa faşist Almaniyası üzərində qələbə qazandı.
Sözsüz ki, faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının rolu danılmazdır. Qələbəyə mühüm töhfələr verən Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Onlar öz şücaətləri ilə xalqımızın necə igid oğullarının olduğunu sübut edərək adlarını tariximizə qızıl hərflərlə yazıblar.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır.

Cəsur xalqımız arxa cəbhədə də misilsiz fədakarlıq göstərib. Böyük Vətən müharibəsi başlayandan sonra bütün respublika “Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!” şüarı ilə çalışıb. O dövr üçün Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib, ordunun ehtiyaclarını ödəmək üçün soydaşlarmız gecə-gündüz bilmədən fədakarlıqla çalışıblar. Müharibə dövründə Azərbaycanda 130 növdən çox silah və döyüş sursatı istehsal edilmişdi. Məsələn, Bakıda əfsanəvi “Katyuşa”lar üçün mərmi, Yak-3 və UTI-4 döyüş təyyarələri düzəldilirdi. Sakinlərin şəxsi ehtiyatlarından 15 kq qızıl, 952 kq gümüş, 320 mln. rubl müdafiə fonduna verilmişdi.
Neftçilərimizin fədakarlığı isə xüsusi qeyd olunmalıdır. Onlar gecə-gündüz işləyərək cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Bütövlükdə soydaşlarmız müharibə illərində cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Təkcə onu demək kifayətdir ki, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Qələbə bayrağının qaldırılmasında Akademik Yusif Məmmədəliyevin də rolu çox böyük olub. Onun rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Əminliklə demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas faktorlardan biri olub. 

Millət vəkili əlavə edib ki, bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar:

“Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə onlara, eləcə də müharibədə həlak olmuş və ya vəfat etmiş döyüşçülərin dul arvadlarına və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə mütəmadi maddi yardım verilir. Həmçinin, müharibə veteranları mənzil və fərdi minik avtomobilləri ilə təmin olunur və digər güzəştlərdən istifadə edirlər. Ölkə başçımız daim Böyük Vətən müharibəsində iştirak edən şəxsləri və onların ailə üzvlərini diqqətdə saxlayır. Mən Qələbə günü münasibəti ilə müharibə veteranlarını, bütün xalqımızı ürəkdən təbrik edirəm, İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşmuş, arxa cəbhədə fədakarlıq göstərmiş Azərbaycan xalqının oğul və qızlarına minnətdarlığımı bildirirəm".
 

Hüseyn İsgəndərov