Gəncədə koronavirus (COVID-19) pandemiyası ilə bağlı reyd və maairfləndirmə tədbirləri davam etdirilir.
Unikal.org xəbər verir ki, bu qəbildən olan növbəti tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovun iştirakı ilə baş tutub.
Niyazi Bayramov və Əkbər İsmayılov şəhərdə fəaliyyət göstərən iri market və mağazalara, geyim dükanlarına baş çəkib, qeyd olunan məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olublar. Şəhər rəhbəri apteklərdə kifayət qədər tibbi maska, spirt və əlcəklərin olub-olmaması ilə maraqlanıb. Əczaçılar bildiriblər ki, satışda kifayət qədər tibii maska, spirt və əlcək mövcuddur. Bununla yanaşı bank və ATM-lərin qarşısında dayanan vətəndaşlarla söhbət aparılıb, növbə zamanı 2 metrlik ara məsafəsinin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb.
Həmçinin ictimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə söhbət aparılıb. Tibbi maskadan istifadənin zəruriliyi vurğulanıb. Reyd zamanı sakinlərə tibbi maskalar da paylanılıb.
Niyazi Bayramov və Əkbər İsmayılov iş başında olan Gəncə Şəhər Baş Polis İdarəsi və tabeli orqanların əməkdaşları, o cümlədən Daxili Qoşunların şəxsi heyəti ilə də görüşüblər. Onlara işlərində məsuliyyətli olmaları, ciddilik və qətilik nümayiş etdirmələri tövsiyyə olunub, işlərində uğurlar arzulanıb.
Gəncədə xüsusi karantin rejimi ilə bağlı reyd və maarifləndirmə tədbirləri davam etdiriləcək. Bu tədbirlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılan mobil qrupların üzvləri də aktiv şəkildə iştirak edirlər.
Qeyd edək ki, reyd zamanı xüsusi karantin rejimi qaydalarını pozan sakinlər barəsində qanunamüvafiq formada tədbir görülüb.