Əhaliyə xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, bununla əlaqədar Xəzər və Pirallahı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-nin həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.
Bununla əlaqədar həmin şəxslərə pensiya ödənişinin daha tez həyata keçirilməsi, yəni onların pensiyalarının 2020-ci ilin may ayından etibarən hər ayın 14-16 aralığında ödənilməsi təmin olunacaqdır.
Eyni zamanda, Xəzər və Pirallahı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərdən) pensiya məsələləri ilə bağlı bundan sonra Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.
İdarənin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti – 43; əlaqə nömrələri: (012) 563-55-46, (012) 563-55-47.