İkinci Dünya müharibəsində əldə edilmiş Qələbənin 75-ci ildönümü münasibətilə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Millət Vəkili Əminə Ağazadə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Həbib Əliyev müharibə veteranları olan Atakişili kənd sakini Ağayev Məhəmməd Amo oğlunun və Öyləqulu kənd sakini Hüseynov Nüsrət İslam oğlunun yaşadıqları evlərə baş çəkərək, onları təbrik ediblər.
Unikal.org xəbər verir ki, icra başçısı veteranlarla səmimi söhbət edərək, onlara göstərilən dövlət qayğısından bəhs edib. Ceyhun Cəfərov vurğulayıb ki, cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər sırasında müharibə iştirakçılarının və veteranlarının sosial müdafiəsinin yaxşılaşdırılması xüsusi yer alır. Qələbənin 75 illiyi münasibətilə ölkə rəhbəri tərəfindən imzalanmış 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımın verilməsi haqqında Sərəncam bu qayğının davamlı olmasının bariz nümunəsidir.
Görüş zamanı müharibə iştirakçıları öz xatirələrini danışaraq, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdə veteranlara yubiley medalları və qiymətli hədiyyələr təqdim edilib.