“Azərbaycan xalqı faşizm üzərində Qələbənin əldə edilməsində böyük fədakarlıq göstərib”
Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.O, qeyd edib ki, faşizm üzərində qələbədə Bakı nefti böyük rol oynayıb:
“Mənim ata və ana babam bu müharibədə iştirak edib.Ata babam Berlinin azad olunmasında iştirak edib. Sözsüz ki, faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının rolu danılmazdır. Qələbəyə mühüm töhfələr verən Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Onlar öz şücaətləri ilə xalqımızın necə igid oğullarının olduğunu sübut edərək adlarını tariximizə qızıl hərflərlə yazıblar.Cəsur xalqımız arxa cəbhədə də misilsiz fədakarlıq göstərib. Neftçilərimizin fədakarlığı isə xüsusi qeyd olunmalıdır. Onlar gecə-gündüz işləyərək cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Əminliklə demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas faktorlardan biri olub.
Millət vəkili əlavə edib ki, bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar:
“Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə müharibədə həlak olmuş və ya vəfat etmiş döyüşçülərin dul arvadlarına və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə mütəmadi maddi yardım verilir. Ölkə başçımız daim Böyük Vətən müharibəsində iştirak edən şəxsləri və onların ailə üzvlərini diqqətdə saxlayır. Mən Qələbə günü münasibəti ilə mən müharibə veteranlarını, bütün xalqımızı ürəkdən təbrik edirəm”.
Famil Fərhadoğlu